

Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsi ilə öz torpaqlarını azad edərək möhtəşəm
Zəfərə imza atdığı 44 gün ərzində informasiya cəbhəsindəki qələbələrimiz də təmin edilirdi. Hərb
meydanında əməliyyatlara rəhbərlik edən Prezident cənab İlham Əliyev informasiya müharibəmizə də
strateqlik edirdi. Belə ki, müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox
müsahibə verən ölkə başçısı cənab İlham Əliyev münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq
ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr, eyni zamanda,
milli mətbuatımızın fəaliyyətinə istiqamət verirdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik
uğurudur.
Hərbi sahədə olduğu kimi diplomatiya və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət
göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən
sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr vermiş Prezident cənab İlham
Əliyev müsahibələri real mübarizə və silah üsuluna çevirir, diplomatik qələbələrimizi təmin edirdi.
Məhz bu müsahibələr nəticəsində beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı
müvəffəqiyyətlə alınmışdır. Dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları və mətbu orqanlarına
verdiyi müsahibələri ilə Müzəffər Ali Baş Komandan münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə
müvəffəq olmuşdur. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı verdiyi və gerçəklikdən doğan
konkretlik, qətiyyət, iradə əsaslı fikirlərin yer aldığı müsahibələr XXI əsr üçün yeni üslub, yeni model
nitq strategiyası hesab edilə bilər.
Müharibə dövründə Prezident cənab İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz
emosionallığı ilə seçilir, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir insanların hafizəsinə əbədi
həkk olunaraq dillər əzbərinə çevrilirdi. Ölkə başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər
qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırırdı. Vətəndaşlar müharibə dövründə
Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz
övladını görürdülər. Prezident cənab İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün
ölkə əhalisi bu gün də təqdir edir.
Vətən müharibəsi dövründə xalqımızın qələbəyə inamını artıran digər bir amil isə qardaş
Türkiyənin siyasi-mənəvi dəstəyi oldu. Belə ki, hərbi əməliyyatlar başlayan ilk saatlardan Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tək olmadığını və Türkiyənin onun yanında olduğunu
bəyan etməsi ölkəmizə əlavə güc verdi. Müharibənin sonuna qədər qardaş Türkiyə Azərbyacana siyasi-
mənəvi dayaq oldu. Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərində də yeni bir mərhələnin
başlanmasına səbəb oldu. Ölkələrimiz arasında mövcud olan dostluq-qardaşlıq əlaqələri daha da
möhkəmləndi. Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidentinin iştirakı beynəlxalq ictimaiyyətə
verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi
xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və
mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Bu kontekstdə Vətən müharibəsində əldə
etdiyimiz Zəfəri qardaşlığın zəfəri də adlandırmaq olar. 15 iyun 2021-ci il tarixdə iki qardaş ölkə
arasında imzalanan müqqəfiqlik haqqında Şuşa bəyannaməsi isə qardaşlıq zəfərinin yaratmış olduğu
yeni reallıq kimi tarixə həkk olundu. Tarixi Şuşa Bəyannaməsini ilə rəsmiləşən Türkiyə və Azərbaycan
müttəfiqliyi artıq hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata
keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində özünü göstərir.
Möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradan ölkəmiz özü də yeni bir
mərhələyə qədəm qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir
ki, 30 il öz doğma yurd-yuvalarından məcburi köçkün düşmüş soydaşlarımız el-obalarına tez bir
zamanda qayıda bilsinlər. Bir sözlə, dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham
Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış strategiyasını həyata keçirmək üçün çalışır. Böyük Qayıdış
strategiyasının həyata keçirilməsi isə qalib Azərbaycan dövlətinin yeni inkişaf dövrünün əsas
istiqamətlərindəndir.
Eldəniz Bayramov,
Sabirabad RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyanın məsul katibi