

Bu gün tariximizin Zəfər səhifəsini vərəqləyib ona gedən yolun yolun təhlilini verir və bundan sonra
xalqımızın bu torpaqlarda əbədi olacağını böyük qürur hissi ilə qeyd edirik. Azərbaycan xalqı Qələbəni 30 ilə
yaxın müddət ərzində gözləyirdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki
əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın
bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.
Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın
orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-
ordu birliyi və orduya olan inamından xəbər verir. İşğalçı ölkənin 30 il ərzində möhkəmləndirdiyi təmas xəttini
Azərbaycanın müzəffər Ordusu qısa zamanda yararaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut
qəsəbəsini, Şuşa şəhərini, 300-dək kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi.
Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli
üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz təhvil verildi.
Dövlət başçısı İlham Əliyevin hərbi əməliyyatlar dövründə göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq,
siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu
irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan
zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44
gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk
saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində
bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsində və Qarabağ torpaqlarının işğalına son qoyulmasında, heç şübhəsiz ki, ilk növbədə, Azərbaycan
Ordusu öz sözünü dedi, misilsiz fədakarlıq nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin
bir sərkərdə, hərbi xadim olaraq nə qədər məharətli olduğunu təsdiq etdi. Dövlət başçısı İlham Əliyev döyüş
meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı kimi Azərbaycan əsgəri və zabiti olduğunu qeyd edir:
“Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir.
Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə
bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.”
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan
Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına
Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında
ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam
üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun
döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın
azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya
Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən
Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı
döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə
təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu
məhv edildi. Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycan Ordusunun 44 gündə erməni silahlı
qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnika 10 dekabr 2020-ci ildə keçirilən Zəfər
paradında nümayiş olunmaqla yanaşı, dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Bakının Xətai rayonunda
açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə təqdim edilir.
Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin
Zəfər paradında səsləndirdiyi bu fikirlər gələcəyimizin təqdimatı oldu: “Bundan sonra Azərbaycan yalnız inkişaf
edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox
keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi
bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması milli qürurumuz, kimliyimiz
olmaqla yanaşı, tarixi Zəfərimizin reallıqlarının təqdimatıdır. Bu torpaqlarda başlanan yeni həyat soydaşlarımızı
dogma yurd-yuvalarına qovuşdurur.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, Vətən Müharibəsi veteranı