isaznow.com
Az Iw En Ru

Dövlətin dayağı, xalqın qürur mənbəyi

Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətləri sırasında öz
bayrağı ilə təmsil olunur, tanınır.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif
dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın düşüncəsinə, milli mənəvi
keyfiyyətlərinə uyğun bir tərzdə seçilirdi.Bu səbəbdən istər tarixdə, istərsə də indinin özündə hər hansi
bir ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq altında hansı cəmiyyət yer alibsa onun simasını,
keçdiyi inkişaf yolunu, bayraqdakı təsvir və rənglərin mənasını göre bilərik.
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri konstitusiyada
qanunvericilik yolu ilə təsbit edilir.Dövlət bayrağı məxsus olduğu dövlətin fərqləndirici əlamətidir.
Azərbaycan Respublikasının təqdimat vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli
Bayrağı – Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti
təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir.
Müqəddəs istiqlal rəmzi-Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyev bununla göstərdi ki, milli özünüdərkin ilk mərhələsi milli rəmzlərin qaytarılmasıdır, milli
müstəqilliyinin bünövrəsinin qoyulması isə həmin müstəqilliyi tərənnüm edən rəmzlərin
qaldırılmasıdır.Bu cəsarətli addım bütün Azərbaycan xalqı tərəfindən alqışlandı, dəstəkləndi, o dövrki
Azərbaycan siyasi rəhbərliyinə əhəmiyyətli təsir göstərdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət rəmzləri, o cümlədən
Dövlət Bayrağının təbliğinə böyük əhəmiyyət verirdi.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan
sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı
cəhdlərin qarşısını qətiyyətlə almaqla bərabər, Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün
bölgələrdə dalğalanmasını təmin etmişdir. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş
Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu öndər Heydər
Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin
gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət
daşımışdır. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin
rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına
itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” – deyən Ulu Öndər
çıxışlarında bunu dəfələrlə bildirmişdir.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru


03:38 09.11.2022