

Üç dövlət rəhbərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanat, əslində, Ermənistanın
kapitulyasiya aktına imza atması idi. Bu Bəyanat 30 ilə yaxın davam edən işğala son qoydu. Bəyanatın
imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Qısa müddət ərzində Ağdam, Laçın, Kəlbəcər
rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə
nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu, onların hərbi texnikası tam məhv edildi.
Bu Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Azərbaycan Vətən
müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri
qaytardı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında,
həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd
olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Çünki
Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etmədi.
Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri Azərbaycanı Naxçıvanla birləşdirən
dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə
Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının
realizə olunması baxımından əhəmiyyətlidir.
Razılaşmaya əsasən, daxili məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının
Ofisinin nəzarəti altında işğaldan azad olunmuş ərazilərə geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı
məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq, bununla da həmin ərazilərdə demoqrafik balans
tamamilə Azərbaycanın xeyrinə dəyişəcəkdir. Hazırda “Böyük Qayıdış” layihəsi uğurla həyata keçirilir.
Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin
genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün
şərait yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa
başlayıblar. Ilin sonuna kimi daha bir qrup sakin öz döğma yurduna qayıdacaqdır.
Bütövlükdə isə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı
olması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir.
Qeyrət Şükürov,
Sabirabad rayon Nizami bələdiyyəsinin sədri