

Noyabrın 8-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, birinci
xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin iştirakı ilə Zəfər Günü münasibətilə Şuşada
təşkil olunan tədbir işğalçı Ermənistana məğlubiyyətinin xatırladılması idi. Hərbçilər qarşısındakı
çıxışında Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad edən Prezident İlham Əliyev
xüsusilə alınmaz qala olan Şuşanın işğaldan azad edilməsində canlarından keçən hərbçilərin qanları
bahasına qazanılan Zəfərimizi şərəf salnaməmizin tarixi səhifəsi kimi dəyərləndirdi
Başı həmişə dumanlı olsa da gözəl təbiəti, yerləşdiyi coğrafi ərazisi, strateji əhəmiyyəti
baxımından tarixən yadellilərin sahib çıxmaq istədikləri, Pənahəli xan tərəfindən salınan, 270 illiyi bu il
tamam olan Şuşanın həmişə düşmənə göz dağı olduğunu tarixi faktlar da təsdiqləyir.
1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək Şuşa istiqamətində irəliləməyə
başlayırlar. Şuşalılar o dövrdə sarayın vəziri olan Molla Pənah Vaqifin başçılığı altında müdafiə
olunmaq üçün hazırlıq görürlər. Ağır müqaviməti görən Ağa Məhəmməd şah öz saray şairinə tapşırır ki,
İbrahimxəlil xana bir məktub yazsın. Məktub bu məzmunda olur: «Fələyin mancanağından bəla daşları
yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?»
Qarabağ xanının cavabını Qacara «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində
də salamat saxlar!» sözləri ilə çatdıran Vaqifin beyti Qacarın qəzəbinə səbəb olur və o, top atəşlərini
davam etdirmək əmrini verir. 33 gün mühasirə altında qalan Şuşanı düşmənə təslim etməyən ərənlərin
ənənələrini yaşadan igidlərimiz bu əzəmətli şəhərin işğaldan azad edilməsi uğrunda göstərdikləri
rəşadətləri ilə babalarının qəhrəmanlıq tarixinə yeni səhifələr yazdılar. Milli Ordumuzun əsgər və
zabitləri Şuşanı əsl sahiblərinə qaytardılar. Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə çıxış edən
Prezident, Müzəfyər Ali Baş Komandan İlham Əliyev «Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı
yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən
uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz
mümkün olmayacaq» sözlərinə əlavə olaraq bildirir ki, Qarabağın tacı, Azərbaycan xalqının ürəyi olan
Şuşanın işğaldan azad edilməsi qürur mənbəyimiz idi.
2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin Şuşa təntənəsi ilə başa çatması
güclü iradənin, hərbçilərimizin peşəkarlığının nəticəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə «Yalnız Qələbə!» devizi ilə hərbi əməliyyatlara başlayan, düşmənə ağır zərbələr endirməklə
Ermənistanın hərbi-siyasi rəhbərliyinin formalaşdırdığı «qüdrətli ordu» mifini dağıdan Silahlı
Qüvvələrimiz xalqımızın illərdən bəri gözlədiyi tarixi missiyanı yerinə yetirdi. Haqqı ədaləti öz
gücümüzlə bərpa etdik. Şuşaya qədər Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının,
Suqovuşanın, 300-ə yaxın kəndin, Laçının və Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin, liderlik konsepsiyasının
ifadəsi olan «nəyi, necə, nə vaxt etmək» məsələlərinin döyüş meydanında təsdiqi oldu. Şuşanın azad
edilməsi ilə10 mindən artıq fərarisi olan Ermənistan ordusunun beli qırıldı. İkinci Qarabağ
müharibəsinin davam etdiyi 44 gündə hərbçilərimizin bir gün belə dayanmadan irəli getməsi, işğaldan
azad olunan şəhər və kəndlərdə, strateji yüksəkliklərdə üçrəngli bayraqlarımızın dalğalanması
soydaşlarımızın tökülən qanları, milli rəzalət üzərində hakimiyyətə gələn, hakimiyyətdə qaldıqları
müddətdə ölkəmizi dağılmaq təhlükəsi ilə üzləşdirən AXC-Müsvat cütlüyünün xəyanətlərinə xalqın
etimadını özünün dərin iradəsi, qətiyyəti, sərkərdəlik məharəti ilə qazanan Prezident İlham Əliyevin
cavabı idi. Məhz onun siyasi iradəsi, xalqına, torpağına sonsuz məhəbbəti, Silahlı Qüvvələrimizə düzgün
rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Apardığı siyasət, diplomatik gedişləri ilə Ermənistanın
yalanlarını ifşa edən, tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı əsl həqiqətləri
beynəlxalq ictimaiyyətə çatdıran Prezident İlham Əliyev ölkənin iqtisadi, müdafiə qüdrətini
gücləndirməklə Vətən müharibəsindəki Qələbə üçün etibarlı zəmin formalaşdırdı.
Hamlet Qasımov,
Sabirabad rayon sakini, məşqçi müəllim