

Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərək bildirdi ki, 2003-
cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilib. Vətən
müharibəsinə qədər atılan hər bir addım bir amala xidmət edirdi ki, torpaqlarımızı azad edək, düşməni
torpağımızdan qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər
birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və
yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir.
Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilən 2003-2020-ci illərdə
Azərbaycan iqtisadi qüdrətini artırdı, dünya birliyində yeri və mövqeyini möhkəmləndirdi, ordu
quruculuğu istiqamətində mühüm addımlar atdı, eyni zamanda, gənclərimizin vətənpərvərlik ruhunda
tərbiyəsi prioritet məsələ oldu. Ölkəmizdə milli birlik, həmrəylik daha da gücləndirildi. Tarixi Zəfərimiz
bir daha bu uğurlarımıza işıq saldı. Bu illər ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm
hüquqi bazanın yaradılması istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlük
qazanmağımızda əhəmiyyətli rol oynadı. Azərbaycan xalqı yumruq kimi birləşərək tarixi missiyasını
yerinə yetirdi.
Dövlət başçısı İlham Əliyevin çıxışı tarixi Zəfərimizin reallıqlarının bir daha Şuşadan dünyaya
təqdimatı oldu. Azərbaycan Ordusunun gücündən, qüdrətindən, döyüş ruhundan bəhs edən Müzəffər Ali
Baş Komandan iki ilə yaxın müddətdə tikilib istifadəyə verilən Zəfər yolu ilə Şuşaya yaxınlaşanda
hərbçilərimizin qəhərəmanlığının, şücaətinin şahidi olduğumuzu bildirdi. Çünki bu yol Azərbaycan
əsgərini Qarabağın tacı Şuşaya aparırdı. O zaman hərbçilərimiz dağlardan, cığırlardan bu məsafəni qət
edərək Şuşaya yaxınlaşmışdılar. Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın aparıcı ölkələrinin
ali hərbi məktəblərində müzakirə edilir, təhlillər aparılır. Şuşada olmuş insanlar inana bilmirlər ki,
Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımız olan
Şuşanı işğalçılardan azad etdilər. Artıq bu gün Zəfər yolu hər kəsi Şuşaya qovuşduraraq daim Vətən
oğullarının qəhrəmanlığını xatırlamağa çağırışlar edir. Füzuli-Şuşa yolunun Zəfər yolu kimi
dəyərləndirilməsinin rəmzi mənası vardır. Qələbəmizin carçısı olan bu yolun təməli dövlət başçısı İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra, 16 noyabr 2020-ci ildə
Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Ötən ilin noyabrında isə Zəfər yolu
istifadəyə verildi.
Vüqar Kərimov,
Sabirabad rayonu Gənclər və idman idarəsinin rəis müavini