isaznow.com
Az Iw En Ru

Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi

Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər
Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər. Dövlət başçısı hərbçilər qarşısında
çıxış edərək ölkəmizi, xalqımızı qələbəyə qovuşduran 44 günə növbəti dəfə nəzər saldı, bu yolun nə qədər çətin,
eyni zamanda, şərəfli olduğunu bir daha vurğuladı: “Müharibənin ilk günündən son gününə qədər Azərbaycan
Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb
tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən
müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə
aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi”.
Məlumdur ki, otuz ilə yaxın bir müddət ərzində cəzasızlıq mühitindən yararlanan Ermənistan
təxribatlarından əl çəkmirdi. Azərbaycanda hər kəsə bəlli idi ki, rəsmi İrəvan bu cür çirkin əməllərindən əl çəkən
deyil. Çünki bu, Ermənistanın terrorçu rəhbərliyinin ölkədə daxili çaxnaşmaları yatırmaq, diqqəti cəbhəyə
yönəltmək üçün istifadə ediyi köhnə "taktika" idi. Paşinyanın sərsəm açıqlamaları, boş-boş iddiaları və
Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılması münaqişənin sülh yolu ilə
həllinə tərəfdar olan xalqımızın səbir kasasını daşırmaya bilməzdi. Bu, azmış kimi işğalçı ölkə Azərbaycanı
təxribatlara çəkmək üçün cəbhənin müxtəlif istiqamətlərinə hərbi texnikalar gətirib açıq-aşkar müharibəyə
hazırlaşdığını göstərirdi. Hətta yeni müharibəyə hazırlaşdıqları üçün könüllülərdən ibarət qoşunun yaradıldığını
da gizlətmirdilər. Azərbaycan Prezidenti isə bütün çıxışlarında, müsahibələrində dünyaya bəyan edirdi ki,
Ermənistan müharibəyə hazırlıq görür, bunun qarşısı vaxtında alınmalıdır. Yenə də beynəlxalq təşkilatlar
ənənələrinə sadiq qalaraq işğalçıya heç bir xəbərdarlıq etmədilər və bunun da nəticəsi 2020-ci ilin sentyabrın 27-
də özünü büruzə verdi. Cəbhənin bütün istiqamətləri boyunca təxribatlara əl atan Ermənistan tarixinin ən səhv
gedişini etdi. O səhv ki, işğalçı ölkəyə hələ uzun illər sağalmayacaq sarsıdıcı, ölümcül zərbə vurdu. Azərbaycan
Ordusu Müzəffər Komandanın müəllifi olduğu "Dəmir yumruq" əməliyyatının icrasına başladı. Ölkədə Prezident-
xalq-ordu birliyi Azərbaycanı şanlı Qələbəyə apardı.
Azərbaycana hədə-qorxu gələn, illərlə düzəltdikləri istehkamlara güvənən Ermənistan cəmi 44 günə diz
çökdü. Azərbaycanın igid oğullarının döyüş əzmi qarşısında erməni əsgəri silahını, bayrağını atıb qaçmaq
məcburiyyətində qaldı. Bu dövrdə ordumuz cəbhədə hər gün uğur qazanırdısa, Prezident İlham Əliyev diplomatik
məharəti ilə Azərbaycana təzyiq etmək istəyən qüvvələrə elə tutarlı cavablar verirdi ki, xalqın ürəyi dağa dönürdü.
44 gün ərzində dünyanın elə bir mötəbər KİV-i qalmadı ki, Azərbaycan Prezidentindən müsahibə götürməsin.
Bütün müsahibələrində dövlət başçısı bəyan edirdi ki, Azərbaycan haqq yolundadır və kimlərsə, hansısa telefon
zəngləri bizi durdura bilməz. Bu, tariximizə yazılan möhtəşəm bir dövr idi.
Müharibənin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanması
prosesini uzatdığı kimi, öhdəliklərinin icrasını da reallaşdırmır. Bu da əlbəttə ki, Azərbaycanın irəli sürdüyü 5
baza prinsipinə uyğun deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh sazişi yalnız həmin 5 prinsip
əsasında imzalana bilər. Ermənistan rəhbərliyi buna razılıq versə də, hər dəfə müxtəlif danışıqlar zamanı hansısa
bəhanəni uydurmaqla prosesdən yayınır. Həm Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə indiyədək
keçirilən 3 görüşdə, həm də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə reallaşan 5 görüşdə
Ermənistanın heç bir iddiası, təklifi nəzərə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, sülh gündəliyini
Azərbaycan Prezidenti müəyyənləşdirir. Sülh müqaviləsi yalnız Azərbaycanın milli maraqlarının təmin olunması
şərtləri əsasında imzalana bilər.
Dövlət başçısının toxunduğu digər mühüm məsələdən biri də ondan ibarət oldu ki, Azərbaycanın Qarabağ
bölgəsində mövcudluğunu hələ də davam etdirən Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi
birləşmələri ərazimizdən dərhal çıxmalıdırlar. Prezident dedi ki, bizim səbrimiz tükənməz deyil: “İkinci Qarabağ
müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və
bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər
qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən
bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir?
Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə,
Azərbaycan lazımi addımlar atacaq”.
Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edərkən sülhməramlıların fəaliyyəti barədə də mühüm
mesaj verdi. Dövlət başçısı bildirdi ki, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər: “Rus sülhməramlılar orada
müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr bəyanatında onların müddəti göstərilir və əgər ermənilər kiməsə bel
bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".
Bu konkret mesaj təkcə Ermənistanın hərbi-siyasi rəhbərliyinə deyil, həm də onun havadarlarına
ünvanlanmışdı.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri


17:02 12.11.2022