isaznow.com
Az Iw En Ru

Azərbaycan Respublikasının Konstitusiyası özündə ümumbəşəri dəyərləri təsbit edir

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul
edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 27 ildir Azərbaycan
noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə
respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun
tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən hər 3 konstitusiyalar SSRİ
Konstitusiyasına uyğunlaşdırılmışdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana
çıxdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri
müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Bunun üçün ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə yaradılan xüsusi komissiya Konstitusiya layihəsini hazırladı və bu layihə
ümumxalq müzakirəsinə çıxarıldı. Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Biz elə bir layihə
hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının
demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd
olsun.”
1995-ci il noyabrın 12-də ölkədə keçirilən referendumda müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul olundu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi
Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12
fəsil, 158 maddədən ibarətdir. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi
ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni
dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-
cı ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına əhəmiyyətli dəyişikliklər və
əlavələr edilib.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.
Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si
Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Mövsüm Nərimanov,
Sabirabad rayonu Zəngənə kənd sakini, fermer


16:04 12.11.2022