

Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə bir sıra
önəmli qərarlar verilib. Belə ki, Şimali Kipr Türk Cümhuriyyəti təşkilata müşahidəçi üzv statusunda
qəbul edilib. Eyni zamanda TDT-nin Baş katibi də dəyişib. Bağdad Amreyevi bu postda Kubanıçbek
Ömüraliyev əvəz edib. Qeyd edək ki, Kubanıçbek Ömüraliyev Qırğız Respublikasının Belarus,
Estoniya, Latviya, Litva, Türkiyə və İsraildə fövqəladə və səlahiyyətli səfiri və Qırğız Respublikasının
Müstəqil Dövlətlər Birliyində daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2022-ci ildə “2022-ci ilin ən
uğurlu səfiri”, 2020-ci ildə TÜRKSOY-un “Cengiz Aytmatov” medalı, 2019-cu ildə “Qırğızıstan Xarici
İşlər Nazirliyinin 75 illiyi” medalı, “Xüsusi 2018-ci ildə Çingiz Aytmatov Beynəlxalq Klubunun döş
nişanı, 2017-ci ildə “Müstəqil Dövlətlər Birliyinin Fəxri Fərmanı” və 2006-cı ildə “Qırğızıstan
Respublikasının Fəxri Fərmanı” ilə təltif edilib. Noyabrın 14-də İstanbulda TDT Katibliyinin Baş
Ofisində keçiriləcək təhvil-təslim mərasimi ilə yeni Baş katib Kubanıçbek Ömüraliyev vəzifəsini sələfi
Bağdad Amreyevdən alacaq.
Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatının ən vacib ölkəsidir. Ölkəmizin 44 günlük Vətən
müharibəsində qazandığı zəfər və torpaqlarımızda işğal faktorunun sona çatması TDT-nin daha da
güclənməsinə böyük töhfələr verdi. Eyni zamanda Prezident İlham Əliyevin siyasi ustalığı nəticəsində
Azərbaycan regional gücdən qlobal gücə çevrilib. TDT daxilində koordinasiyanın daha da
möhkəmlənməyi Azərbaycan-Türkiyə tandeminin nə qədər vacib olduğunu bir daha göstərir.
Azərbaycan liderinin türk ölkələrinə gerçəkləşən səfərləri, TDT üzvü olan ölkələrlə ayrı-ayrılıqda
mühüm sənədlərin imzalanması nəticəsində artıq təşkilatın mövqeləri kifayət qədər önəmli nöqtələrə
gəlib.
Təşkilatın strukturunda edilən müəyyən pozitiv dəyişikliklər TDT-nin daha da güclənməyinə
böyük töhfələr verəcək. TDT bir çox sahələr üzrə vahid mövqeyi olan vacib bir quruma çevrilib.
Dünyanın siyasi qütbləri TDT faktoru ilə razılaşmalı olacaqlar. Həmçinin Şimali Kiprin TDT-yə
müşahidəçi kimi qatılmağı ŞKTC-nin gələcək legitimliyinə ciddi töhfə verəcək. ŞKTC uzun illərdir
beynəlxalq birliyin ədalətsizliyi ilə üz-üzə qalmışdı. ŞKTC reallığını qəbul etməyən güc mərkəzləri
yunan faktorundan türk dünyası əleyhinə vasitə kimi istifadə edirdi. ŞKTC-nin TDT müşahidəçiliyi
onun müstəqilliyinin qlobal arenada tanınmağı üçün vacib və önəmli addımdır.
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru