isaznow.com
Az Iw En Ru

Azərbaycan həqiqətləri Səmərqənd Zirvəsinin əsas gündəliyində

Azərbaycan türk dünyasının birliyinə mühüm töhfələr verən əsas ölkələrdən biridir. Prezident
cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin də əsas istiqamətlərindən biri məhz türk
ölkələri arasında yüksək səviyyəli əlaqələrin qurulmasına xidmət edir. Ölkəmizin həm ikitərəfli, həm də
beynəlxalq təşkilatlar çərçivəsində türk ölkələri ilə sıx əlaqələri mövcuddur. Bu əsasda Türk Dövlətləri
Təşkilatının IX Zirvə Görüşün keçirildiyi Özbəkistanla olan münasibətləri nümunə göstərmək olar.
Azərbaycan-Özbəkistan münasibətləri son dövrlər xüsusilə yüksələn xəttlə inkişaf edir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin son 7 ayda bu ölkəyə 3 dəfə səfər etməsi ölkələrimiz arasında ikitərəfli
münasibətlərin intensivliyindən xəbər verir. Ümumilikdə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə
əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən
biridir.
Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə
Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışı zamanı türk dünyasını böyük bir ailə adlandıraraq
Təşkilat qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdi. Ölkə başçısı vurğuladı ki, türk dünyası
ölkələri bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik
göstərməlidirlər. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd
təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də
əməkdaşlıq fəallaşdırılmalıdır.
Zirvə Görüşündə  Prezident cənab İlham Əliyev öz nitqində Azərbaycan həqiqətlərinə bir daha
diqqət çəkdi. Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzurun Ermənistan işğalından azad
olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyini vurğulayan ölkə başçısı tarixi
ədalətin və beynəlxalq hüququn da bərpa olunduğunu bildirdi. Öz torpaqlarını işğaldan azad etməklə
ölkəmiz həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini  də özü icra etdi. Baxmayaraq
ki, otuzillik işğala son qoyulub, lakin işğalın fəsadları hələ də qalır. Ermənistan Azərbaycanın 9 şəhərini
və yüzlərlə kəndini yerlə-yeksan edib, bütün infrastrukturu, hətta tarixi, mədəni, dini abidələri də
dağıdıb. Xalqımıza məxsus 67 məsciddən 65-nin məhv, digər 2-nin isə təhqir edilməsi erməni
vandalizminin sərhəd tanımadığından xəbər verir. Prezident cənab İlham Əliyev bu faktları qeyd edərək
bildirdi ki,  bu eyni zamanda sübut edir ki, Ermənistanın rəsmi ideologiyasının bünövrəsini islamofobiya
və türkofobiya təşkil edir.  Ermənistan bu gün də öz yanlış siyasətindən əl çəkmir və Azərbaycan
ərazilərində müharibə cinayətlərini davam etdirir. Belə ki, işğal dövründə Ermənistan ölkəmizə məxsus
ərazilərdə bir milyondan artıq mina basdırıb ki, Azərbaycan vətəndaşları bundan əziyyət çəkirlər.
Bundan əlavə, Ermənistan mütəmadi olaraq sərhəddə hərbi təxribatlarından da qalmır və dünya ictimai
rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır.
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı
quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıda bilməsi üçün “Böyük
Qayıdış” proqramının icrasına başlanılıb. Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını vurğulayan
Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur
layihələrində Türkiyə şirkətlərinin fəal iştirak etdiklərini, həmçinin Füzuli rayonunda Özbəkistan
tərəfindən məktəb, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunacağını diqqətə çatdırdı.
Vaqif Dişadze,
Sabirabad rayonu Əhmədabad kənd Yaradıcılıq evinin müdiri


15:44 15.11.2022