

Ölkə rəhbərləri arasında onilliklər ərzində qurulmuş qarşılıqlı etimad və dostluq Azərbaycan və
Özbək xalqları arasındakı səmimi münasibətlərin rəmzidir. Noyabrın 11-də Səmərqənddə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri
Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən
müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırmışdır. Prezident İlham Əliyev öz
növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması
münasibətilə təbrik etmişdir. Dövlətimizin başçısı qeyd etdi ki, Türkmənistan və Azərbaycan bütün
sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin
inkişafına yaxşı təkan verəcək. Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın
perspektivləri müzakirə olundu. İclasdan sonra dövlət başçıları sammitin əsas qərarlarını və
Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi - Türk Dövlətləri Təşkilatının
Dövlət Başçıları Şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər. Səmərqənd sammitindən sonra
TDŞ-də sədr statusu Türkiyədən Özbəkistana keçəcək.
İki qardaş ölkə arasında münasibətdən danışarkən, Özbəkistanın Azərbaycana qarşı səmimi
dostluq və qardaşlıq jestini qeyd etmək istərdim. Özbəkistan hökuməti işğaldan azad edilmiş Füzuli
rayonunda hədiyyə olaraq orta məktəb inşa etdirir. Tikinti işləri artıq gedir və məktəbin növbəti tədris
ilində istifadəyə verilməsi planlaşdırılır. Bu jesti qədirbilən Azərbaycan xalqı və dövləti heç zaman
unutmayacaq. Səfər bir daha sübut etdi ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim
xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani
təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək
inkişafı üçün əsas olacaq. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də
qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq
əlaqələri mövcud olub.
Azərbaycan qonşu dövlətlərlə münasibətlərini də balanslaşdırılmış və qarşılıqlı maraqlardan çıxış
edən münasibətlər müstəvisində qurmağı uğurla reallaşdıra bilmişdir. Bunun nəticəsi olaraq müxtəlif
siyasi oriyentasiyalara mənsub olan qonşu dövlətlərlə əlaqələr ən yüksək səviyyəyə çatdırılmışdır. Bu
əlaqələr regionda müəyyən geosiyasi maraqların uzlaşdırılması və ölkənin milli maraqlarının hər şeydən
üstün tutulması sayəsində mümkün olmuşdur. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli
maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik.
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini