

Yarandığı gündən xalqın partiyasına çevrilən, ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni
Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü qeyd edirik. Ali Baş Komandanımız,
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər
Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün
sevincini yaşadığımız günlərdə qeyd edirik. Bu gün Azərbayacanın son illərdə qazandığı böyük
nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni
Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Tarixi zərurətdən yaranan partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin
xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan
biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət
göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin
diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası
Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan
partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə
yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu
yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz
olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində
yaranmışdır”.
Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı və
antimilli siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhv olma təhlükəsi ilə qarşı-qarşıya
qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət
Heydər Əliyevdə görürdü. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri
idi. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi.
Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş
edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan
Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24
oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona
rəhbərlik etməyə razılıq verdi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi cavab
məktubu da “SƏS” qəzetində dərc olundu.
Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və ulu
öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni
Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı və xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə
gəldi. Bu, xalqın ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya
dəstəyinin bariz ifadəsi idi.
Bu gün 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında
770 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni
Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk
günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq
özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Yeni Azərbaycan Partiyası
yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə
inamı ifadə edirdi.
Fərid Qurbanzadə,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi