isaznow.com
Az Iw En Ru

Yeni Azərbaycan Partiyasının mübarizlər partiyasıdır

Azərbaycanın ictimai-siyasi həyatında dərin iz buraxan, bu günümüz və sabahımızın təminatçısı, bizi
gələcəyə uğurla aparan Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il keçir. Azərbaycan tarixinin təlatümlü,
keşməkeşli dövründə siyasi səhnəyə gələn YAP ötən müddət ərzində özünün xalq üçün nə qədər dəyərli və
gərəkli olduğunu dəfələrlə və hər addımda hiss etdirib. Təbii ki, xalqımızın gələcək taleyinin həllində bu
partiyanın yaradıcısı, qurucusu, mənalı ömrünü xalqımızın inkişafına həsr edən böyük Şəxsiyyət, Ulu Öndər
Heydər Əliyevin adını çəkməmək mümkün deyil. Onun həyatından, taleyindən, fəaliyyətindən danışmaq üçün
bütöv bir xalqın, ölkənin tarixini vərəqləmək lazımdır. Çünki Heydər Əliyev özü bir Azərbaycandır. Xalqımız da
hər zaman müasir Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır,
yarım əsrdən artıqdır ki, onun işıqlı yolu ilə addımlayır. Ulu Öndər Azərbaycan xalqının müstəqillik
mübarizəsində misilsiz xidmətlər göstərib. Sağlığında canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının
sonsuz sevgisini qazanıb.
Yeni Azərbaycan Partiyası zərurətdən, gərgin vəziyyətdən çıxış üçün Heydər Əliyev tərəfindən
yaradılaraq dövrün aparıcı uzaqgörən ziyalılarını bir araya gətirdi. Ulu Öndərin YAP-ın hakimiyyətə gəlişi zamanı
qarşısına qoyduğu müəyyən məqsədləri var idi. Bu gün həmin məqsədlər hakim partiya olaraq YAP tərəfindən
reallaşdırılıb.YAP-ı bir siyasi təşkilat kimi dəyərləndirmək, onun fəaliyyətinə siyasi qiymət vermək üçün ötən əsr
90-cı illərinin Azərbaycanına, bu zaman gənc ölkəmizdə baş verən hadisələrə diqqət etmək lazımdır.
Müstəqilliyin ilk illərində ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan
gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün
genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter
daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi
lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi.
İnam, etibar və etimad ünvanı isə bəlli idi. O dövrdə Azərbaycanın dövlət kimi yox olma təhlükəsinin qarşısını ala
biləcək siyasi qüvvə mövcud deyildi. O zamanlar vəziyyət daha ağır və böhranlı idi. Yeni bir siyasi baxışa, gücə
ehtiyac var idi ki, bu da məhz YAP oldu.1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət
xadimlərinin “Səs” qəzeti vasitəsilə Ulu Öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks
etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə dahi şəxsiyyət 8 gündən sonra yenə də “Səs” qəzetində
dərc olunan “Yeni, müstəqil Azərbaycan uğrunda” tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını
obyektiv zərurət kimi əsaslandırmışdır. Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə
1992-ci il noyabrın 21-də yenə də Naxçıvanda baş verdi, respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq
nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası
hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradıldı. Ümummilli Liderimiz Heydər Əliyev
deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir.
O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya
onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır şəraitdə, böyük təqiblər
şəraitində yaranmış bir partiyadır. Bu partiya yalnız xalqın istəyi ilə, xalqın təşəbbüsü ilə yaranan partiyadır”.
Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i
respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər
Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası (YAP)
Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi ilə qurulan və formalaşan YAP-ın 30 illik inkişaf tarixi göstərdi ki, Yeni
Azərbaycan Partiyasını yaradan, bu partiyanın təməl daşını qoyan insanlar yeni müstəqil dövlətimizin siyasi-
iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan
siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının
möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki
Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana
xətti təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın böyük inkişaf yolu keçib. YAP
Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı
olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 773 mindən çox üzvü olan partiyamız ötən 30 ildə
çətin və şərəfli yol keçib.
Bu gün isə YAP özünün ən yüksək inkişaf səviyyəsindədir. Bir məqamı qeyd etmək lazımdır ki,
partiyamızın yaradılmasının 30-cu ildönümünü törpaqlarımızın işğaldan azad edilməsinin ikinci ildönümü ilə
yanaşı qeyd edirik. Bu hadisə partiyamızın tarixində də unudulmaz hadisədir. Onu da qeyd etmə istərdik ki,
partiyamızın Sədri, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda başlanmış Vətən müharibəsində partiyamızın çoxsaylı üzvləri də iştirak ediblər. Onların arasında şəhid
olanlar da var. Bu fakt bir daha onu göstərir ki, YAP mübarizlər partiyasıdır.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, Vətən Müharibəsi veteranı


15:48 16.11.2022