

Noyabrın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına rəsmi
dövlət səfərinə gəlib. Paytaxt Tiranada dövlət başçısı İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay
ilə təkbətək görüşü keçirilib və sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın
inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu səfər Prezident İlham Əliyevin
Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da
inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İndiyədək Albaniya
prezidentləri ölkəmizə 5 dəfə işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan
ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP)
həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın və
Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün
iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib.
Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsinin həyata keçirilməsi
çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada
məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin
artımını təmin edib. Ümumiyyətlə, TAP-ın Albaniyanın enerji təchizatında çox əhəmiyyəti vardır. TAP
layihəsi Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırıb. Hazırda həm TAP, həm TANAP qaz
kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri
tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əlaqələrin, o cümlədən energetika
sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir. Döblət başçıları arasında aparılan
danışıqlardan sonra bildirilib ki, Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini
verəcəkdir. məlum olduğu kimi Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu
sahədə də investor kimi iştirak edə bilər.
Qeyd edilib ki, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər
Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Albaniya da NATO-nun üzvü kimi NATO-
Azərbaycan əlaqələrinə həmişə böyük dəstək veribdir.
Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru