

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı,
YAP Sədri İlham Əliyev Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə ümummilli lider Heydər Əliyev
tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər
kəsiminin YAP-ın sıralarında birləşməsindən, Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdışının tarixi əhəmiyyətindən geniş bəhs etdi. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar ulu öndər
Heydər Əliyevə ünvanlanan müraciətdə öz əksini tapmışdı. Dahi şəxsiyyət müraciətə cavabında tarixi
nailiyyətimiz olan müstəqilliyimizin qorunmasının yollarını göstərdi və ilk olaraq dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların öz doğma Vətəni ilə əlaqələrinin daha da möhkəmlənməsinin, bir sözlə, hər kəsin bir
amal-azərbaycançılıq ideyasının ətrafında sıx birləşməsinin vacibliyini bildirdi.
Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın,
Yeni Azərbaycan Partiyasının uğurları 30 ildə özünün aydın ifadəsini tapıb: “Azərbaycan yenidən quruldu.
Müstəqilliyimizin bərpasının ilk illəri xaos, anarxiya, iqtisadi böhran, bütün sahələrdə uğursuzluq dövrü kimi
təhlil edilir. Bu reallıq hər zaman qeyd edilir ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtmasaydı bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etmək çətin deyildi. Azərbaycan adlı
dövlətin varlığından danışmaq sual altında idi.
Dahi şəxsiyyət Azərbaycanın müstəqil gələcəyini düşünərək hələ hakimiyyətinin birinci dövründə biri-
birindən mühüm addımlar atıb. Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının yubiley tədbirində
diqqəti bir daha həmin dövrün reallıqlarına yönəltdi. “Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə
idi” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu inamın əsasında ulu öndər Heydər Əliyevin daim xalqına xidmət
etməsi, xalqın qayğıları ilə yaşaması, bir sözlə, həmişə xalqla birlikdə olması idi. Məhz onun rəhbərliyi ilə
Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl
respublikaların birinə çevrildi. Bütün statistik göstəricilər də bunu təsdiqləyir. Əhalinin həyat səviyyəsi ildən-ilə
yaxşılaşdı. Ulu öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları
artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Bu amillər göstərir
ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi.
1993-2003-cü illər tariximizə sabitlik, inkişaf dövrü kimi yazılıb. Azərbaycana hansı sahədən baxsaq o
illərdə yaradılan möhkəm təməlin nəticələrini görərik. Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi,
etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirən əsas amil düzgün qurulan siyasətdir. Məhz bu günümüzün
reallıqlarına söykənərək böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü qalib, müasir müstəqil Azərbaycan ulu
öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
2003-cü ildə Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasətinə səs verdi. Xalqın böyük əksəriyyətinin
səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andicmə mərasimində bildirdi ki, Azərbaycanın daha
qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Dövlət başçısı İlham Əliyev
bəyan etdi ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, cənab İlham Əliyev bu vədinə
sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. İqtisadi islahatlar daha da dərinləşdirildi. Neft siyasətinin məntiqi
davamı olan qeyri-neft sektorunun inkişafı dövlətin iqtisadi siyasətinin əsas tərkib hissəsinə çevrildi. Son 19 ildə
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar göz qabağındadır. Ölkəmizin beynəlxalq mövqeləri
möhkəmləndi. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 2019-cu
ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildi. Azərbaycanın artan nüfuzu, siyasi çəkisi
Qoşulmama Hərəkatına sədrlik müddətinin bir illik uzadılmasında da özünü göstərdi. Dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Azərbaycan xarici siyasət
konsepsiyasında əməkdaşlıq, dostluq prinsiplərini üstün tutur.
30 ilin şahidlik etdiyi uğurların zirvəsində dayanan möhtəşəm Zəfərimiz yeni reallıqlar yaradıb:
“Azərbaycan 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarında sözün əsl mənasında cənnət yaradır. Hər gün
görülən işlərin miqyası o qədər böyükdür ki, Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyi gün uzaqda deyil.
Dövlət başçısı İlham Əliyev YAP-ın yubiley tədbirində bir daha böyük qürurla bildirdi ki, bu quruculuq işlərində
hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına
qaytaraq, dağılmış şəhər və kəndləri bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz
ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri