

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin
imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur
edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Işğaldan əvvəl
3054 kv.km. ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal
nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər
əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur
oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində
ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində
əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də
Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış
məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da
böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona
qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri
reallaşdırılır. Keçən ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-
Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da
Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər”
yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli
qoyuldu. Bu il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su
Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri
kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və
“İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası,
Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin
gedişi ilə tanışlıq oldu.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Cari ilin sonuna qədər
müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxananın inşasına
başlanacaqdır. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Görüləcək işlər
çərçivəsində Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcəkdir.
Qeyd etmək lazımdır ki, Kəlbəcərin çox zəngin təbii enerji potensialı vardır. Xarici şirkətlər tərəfindən
Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olmuşdur. Ən
çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilir, hazırda “Kəlbəcər-1” Kiçik Su
Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq
istifadəyə verilib.
Görülən işlər yaxın zamanlarda kəlbəcərlilərin doğma yurd-yuvalarına qayıdışını
reallaşdıracaqdır.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru