isaznow.com
Az Iw En Ru

İki ildir ki, Kəlbəcər azaddır

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər
rayonu işğal edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin
məskunlaşdırılmasına başlanılmışdır.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə görə işğalçı
qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb
olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, ikili standartlarla fəaliyyət göstərən
beynəlxalq təşkilatlar isə qanunun icrasını tələb etmədi.
Prezident İlham Əliyev Kəlbəcər uğrunda döyüşləri çox dəqiqliklə analiz etmişdir: “İkinci
Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan
Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji
yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə
məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi
istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic
vəziyyətə salmışdıq”.
Prezidentin diplomatik qələbəsi sayəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən
Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz
Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana
təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına
görə” medalı ilə təltif olunmuşdur.
Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir.  İkinci Qarabağ müharibəsindən sonra
ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando
qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26
iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının
təməlqoyma mərasimi də təşkil olunmuşdur.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər
müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir.
Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər
inşa ediləcək. Bir sözlə, hazırda Kəlbəcər rayonu yeni inkişaf dövrü yaşayır.
Telman Əzimov,
Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi


04:42 25.11.2022