isaznow.com
Az Iw En Ru

Konfransda Azərbaycanın mövqeyi bir daha bəyan edildi

Dünyanın beyin mərkəzlərinin, tanınmış siyasi ekspertlərin iştirakı ilə ADA Universitetində
keçirilən Beynəlxalq Konfrans  artıq üçüncü dəfədir ki, baş tutur və çox önəmli müxtəlif mövzuları
əhatə edir. Sözügedən Konfrans, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Zəfəri ilə
yaratdığı yeni reallıqları, eyni zamanda, Azərbaycan həqiqətlərini beynəlxaq ictimaiyyətin diqqətinə
çatdırılmasında çox mühüm əhəmiyyətə malik olan bir platforma rolunu oynayır. Noyabrın 25-də
keçirilən Konfrans “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusuna həsr
olunmuşdu. Məlum olduğu kimi Orta Dəhliz çox böyük beynəlxalq əhəmiyyətə malik irimiqyaslı
layihədir. ADA Universitetində keçirilən Konfransın da “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik
və iqtisadiyyat” mövzusuna həsr olunmasında məqsəd irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik
və iqtisadi bacarıq məsələlərini müzakirə etmək olmuşdur. Konfransda çıxış edən Prezident İlham
Əliyev qeyd etdi ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək
Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Ümumiyyətlə,
istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində isə ölkəmizdə möhkəm əsaslı sabitlik mövcuddur
ki, bu da öz növbəsində Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli layihələrdə yer almasına
gətirib çıxarır. Orta Dəhliz layihəsinin də icrası üçün siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu
amillər çox vacibdir.
Konfransda Azərbaycanın həyata keçirdiyi, eləcə də planlaşdırdığı enerji layihələri, bu
layihələrin beynəlxalq əhəmiyyəti, həmçinin ölkəmizdə mövcud olan böyük nəqliyyat-kommunikasiya
potensialı haqqında geniş məlumat verən Prezident İlham Əliyev mövcud imkanları və bu istiqamətdə
xarici ölkələrlə olan əlaqələri dəyərləndirdi. Verilən sualları cavablandıran ölkə başçısı bir daha öz
fikirləri ilə təsdiq etdi ki, Azərbaycan xalqının və dövlətinin milli maraqları bütün məsələlərdən öndə
dayanır. Bir sözlə, Konfransdakı çıxışı Azərbaycan Prezidentinin milli maraqlarımız naminə qətiyyətli
siyasət həyata keçirdiyini bir daha təsdiq etdi. Ölkə başçısının verdiyi siyasi mesajlar xüsusilə diqqət
çəkici idi. Belə ki, Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə
bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir
Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir. Ermənistanın regionda nə coğrafi, nə başqa bir
imkanı, yaxud üstünlükləri yoxdur. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir və bu ölkə faktiki
olaraq dalana dirənmiş ölkədir. Odur ki, Ermənistan, eləcə də regional kommunikasiya layihələrinə əks
gedən İran bu layihələrdə maraqlı olmalıdır. Regional layihələrinin icrasında maraqlı olan Azərbaycana
qarşı çıxmaq həmin ölkənin təcrid olunması ilə nəticələnəcək. Ümumiyyətlə, İran və ya Ermənistan
regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməyəcəklər. Ölkə başçısı vurğuladı ki,
Azərbaycanla Ermənistan arasında uzun müddət davam etmiş qarşıdurmanın sona çatmasına hamı
məmnun olmalıdır və Azərbaycanın istədiyi regional sabitlik və potensial əməkdaşlığı təmin etməkdir.
Prezident İlham Əliyev bu əsasda İran-Azərbaycan münasibətlərinə də diqqət çəkdi və hazırda
baş verənlərin Azərbaycan tərəfindən yaradılmadığını diqqətə çatdırdı. İşğal dövründə İran hərbi
qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib.
Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. İran
rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı
xətt olduğunu bildirirlər. Ölkə başçısı onu da bildirdi ki, İranda yaşayan azərbaycanlılar bizim millətin
bir parçasıdır. Dövlətimiz Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların
dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəkdir. Həmçinin hər bir azərbaycanlının, eləcə də
İranda yaşayan azərbaycanlıların öz doğma dilində təhsil almaq hüququ vardır. İranda erməni məktəbləri
var, ancaq Azərbaycan məktəbləri yoxdur. İrandan fərqli olaraq, Azərbaycanda 340 məktəbdə tədris rus
dilində aparılır, bundan əlavə, 10 gürcü məktəbi var. Lakin Gürcüstanda 200-300 minə yaxın
azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. Bu və digər mühüm faktları qeyd edən
Azərbaycan Prezidenti bəyan etdi ki, düzdür, Azərbaycan bütün qonşularla sülh və dostluq
münasibətlərinin qurulmasını istəyir. Lakin, Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat
tərzini müdafiə edəcək və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza
tətbiq etməyə imkan verməyəcək.  
Prezident İlham Əliyev Konfransda region ölkəsi olan Ermənistanın hələ də də işğalçılıq
siyasətindən əl çəkmək istəmədiyini, diaspor və erməni millətçilərinin təsiri alıtnda olduğunu diqqətə
çatdırdı. Erməni cəmiyyəti diaspor və erməni millətçilərinin on illər ərzində davam edən təbliğatı
nəticəsində zəhərlənmişdir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli hərəkətlərin,
Azərbaycana məxsus şəhərləri nəyə görə məhv etdiklərinin səbəblərindən biri də bu idi.

Öz çıxışında erməni mifini ifşa edən cənab İlham Əliyev Ermənistanda uşaqların Türkiyəyə və
Azərbaycana nifrət aşılamaqla böyüdüldüyünü xüsusilə qeyd etdi. Ermənilər öz tarixləri, öz tarixi
şəxsiyyətləri haqqında o qədər əfsanələr uydurublar ki, özləri bu nağıllara inanmağa başlayıblar. Əslində
onların bütün tarixi, bütün əsas tarixi məhsulları tamamilə saxtadır. Çünki ermənilər digər xalqların
tarixini mənimsəyib öz tarixi kimi qələmə verirlər. Rəsmi İrəvanın ideologiyasının əsas xəttlərindən biri
də türkofobiya və azərbaycanofobiyadır. Belə ki, kiçik, yoxsul, Rusiyadan asılı olan, hətta Rusiyanın
qulu olan Ermənistan deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər.  Ermənistan bu
əsassız iddialardan və işğalçılıq siyasətindən əl çəkməli, Türkiyə-Ermənistan münasibətlərinin
normallaşdırılmasına çalışmalıdır. Ermənistan öz ideoloji əsaslarını dəyişməli, Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması üçün səylər göstərməlidr. Azərbaycanın ədalətli sülh istədiyini bir
daha bəyan edən Prezident İlham Əliyev qeyd etdi ki, biz istəyirik Ermənistanda başa düşsünlər ki, onlar
Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi
yoxdur. Bir də ki, Azərbaycan  Zəngəzur dəhlizininin reallaşmasını və  tarixi xəritələr əsasında
sərhədlərin delimitasiya olunmasını istəyir. Ərazi bütövlüyünün beynəlxalq hüququn başlıca prinsipi
olduğunu bildirən ölkə başçısı müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşmanın olmasını qeyd
etdi. Azərbaycan da belə selektiv yanaşmadan əziyyət çəkib.
Artıq vəziyyət dəyişib, vəziyyəti dəyişən isə beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv
yanaşması deyil, Azərbaycan ordusu, xalqımız və ölkə başçısının siyasi iradəsi oldu.
Ceyhun Həsənov,
Sabirabad rayonu “Əmin” marketlər şəbəkəsinin hüquqşünası, Vətən Müharibəsi veteranı


01:49 29.11.2022