

Bakıda “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən
beynəlxalq konfrans postmünaqişə reallıqlarının təhlili baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə
olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə 44 günlük
Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan
ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi
istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu
konfrans və forumların əhatə dairəsi hər il daha çox genişlənir, iştirakçılarının sayı daha da artır.
Orta dəhliz mövzusunda keçirilən konfrans iştirakçılarının Prezident İlham Əliyevə ünvanladığı
suallar və dövlət başçımızın cavablarında da Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi
imkanları geniş müzakirə olundu. Əsas diqqət bir daha Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb
dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və
şaxələndirilməsi məsələlərinə yönəldi.
Prezident İlham Əliyev Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makronun
müsahibəsində Azərbaycanı tənqid etməsinin, ölkəmizi əsassız ittiham etməsinin, Fransa Senatının
tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsinin qəbul olunmasının və bunun ardınca
Fransanın Frankofoniya Sammiti vasitəsilə Azərbaycana qarşı hücum cəhdinin qəbuledilməz olduğunu
bildirdi. Aydın oldu ki, Bakı bütün bunları nəzərə alaraq Fransanın sülh danışıqlarında iştirakını
mümkün saymır. Bunun günahı isə elə Fransanın özündədir. Azərbaycan Prezidenti həmçinin dekabrın
7-də Brüsseldə Ermənistanla keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını və rəsmi Bakının
digər alternativləri nəzərdən keçirəcəyini də bəyan etdi. Belə ki, Ermənistanın baş naziri Paşinyanın
həmin görüşdə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir, odur
ki, rəsmi Bakı bu məsələdə öz prinsipial mövqeyini bəyan etdi. Bununla da beynəlxalq ictimaiyyət üçün
də sülh prosesinin kimin pozduğu aydın oldu.
Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan sülh istəyir. “Biz ərazilər istəmirik və
müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”, deyə Prezident İlham Əliyev bildirdi. Bu platformada
verilən əsas mesajlardan biri də bu idi ki, “biz heç bir xarici aktorun öz standartlarını və iradəsini
hökumətimizə və xalqımıza diktə etməsinə imkan verməyəcəyik.
Mahir Zahidov,
Sabirabad rayonu, Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri