

Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca:
geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı və bir sıra
dövlətlərin elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları
Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi.
Son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata
keçməsinin əsas amillərindən biri ölkəmizdə hakimiyyət - xalq birliyi səbəbindən mövcud olan
sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident cənab İlham Əliyevin həyata
keçirdiyi daxili siyasət nəticəsində yaranmışdır. Prezident cənab İlham Əliyevin uğurlu, müdrik
siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi
sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi
reallaşmışdır.
Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir
yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri
reallaşdırmışdır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-
Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il
artmaqdadır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir,
ölkəmiz bu marşrut xəttlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaratmışdır. Cənub Qaz
Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki,
Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti
vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası
arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.
Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlət olmaqla yanaşı, Azərbaycan Ordusu
dünyanın ən güclü ordu sıralarında yer alır. Azərbaycan dünyanın bir çox dövlətləri ilə strateji
müttəfiqlik haqqında müqavilə imzalamışdır. Bütün bu amillər Azərbaycanın beynəlxalq aləmdə öz
təhlükəsizliyini təmin etməsi üçün həyata keçirdiyi çox mühüm addımlardır.
Azərbaycana qarşı bir cəbhədə birləşən nə İran, nə də Ermənistan Azərbaycanın regionda həyata
keçirəcəyi nəqliyyat-infrastruktur layihələrinə mane törədə bilməz. Ermənistan nə siyasi, nə də iqtisadi
cəhətdən müstəqil, suveren bir dövlət deyil. Bu ölkənin ərazisindən heç bir beynəlxalq nəqliyyat xətti
keçmir. Ümumiyyətlə, Ermənistanın nəqliyyat şəbəkəsi özünəməxsus deyil. Bu ölkənin nəqliyyat
sektoru Rusiyaya məxsusdur. Bu gün Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılması ilə
bağlı müzakirələri Azərbaycan Rusiya ilə aparır.
Ölkəmiz diplomatik sahədə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələri qurmağa üstünlük verir.
Azərbaycan dövlətinin İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açması sülhə xidmət edən bir
addımdır. Ərəb Liqası nümayəndəliyinin Bakıda açılması barədə qərar Azərbaycanın bu təşkilatla
dostluq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Ərəb Liqasına üzv olan dövlətlər
işğal dövründə və Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən və Ermənistanın işğalçılıq
siyasətini pisləyən qətnamələr qəbul etmişlər. Azərbaycan öz növbəsində pandemiya dövründə Ərəb
Liqası və İƏT ölkələrinə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanla Türkiyə arasında
mövcud dostluq və qardaşlıq əlaqələri bütün dünyaya bir nümunədir. 2001-ci ildə Azərbaycanla Türkiyə
arasında Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Hər iki dövlətin Silahlı Qüvvələri birlikdə hərbi
təlimlər həyata keçirirlər. İstər Azərbaycana, istərsə də Türkiyəyə qarşı yönəlmiş qüvvələr bilməlidilər
ki, Türkiyə və Azərbaycan Ordusu birlikdə istənilən təxribatçı qüvvələrə qarşı bir olacaq. Avropa İttifaqı
ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ölkəmizin
çox mühüm tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında
vasitəçilik missiyasını həyata keçirmək istəyən keçmiş Minsk qrupu artıq mövcud deyil və dəfn olunmuş
qurumdur. Azərbaycan bu missiyanı öz üzərinə götürmüş Avropa İttifaqının səylərini yüksək
qiymətləndirir. Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə
Azərbaycanla Ermənistan arasında səmərəli görüşlər keçirilmişdir. Oktyabrın 6-da Praqada Avropa
İttifaqı və Fransa Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Həmin görüşdə Ermənistanın Baş
naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Lakin
həmin görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Makron Azərbaycana qarşı qərəzli bəyanatla çıxış
etmişdir. Bundan sonra Fransa Senatı da Azərbaycana qarşı qərəzli, böhtan xarakterli qərar qəbul etdi.
Fransa işğalçılıq siyasəti həyata keçirən Ermənistanın mövqeyini müdafiə etdiyinə görə heç bir halda
vasitəçilik mövqeyindən çıxış edə bilməz. Minsk qrupunun həmsədrlərindən olan nə Rusiya, nə də ABŞ
rəsmən bu günə qədər tərəf tutmamışlar. Dekabrın 7-də Brüsseldə keçirilməli olan növbəti görüşdə
Paşinyan Makronun bu görüşdə iştirak etməyəcəyi təqdirdə görüşə qatılmayacağını bildirmişdi. Bu bir
daha Paşinyanın acizliyinin, sərbəst qərar qəbul etmək iqtidarında olmadığının nümunəsidir. Fransa
ancaq Ermənistanın maraqlarını müdafiə etdiyi üçün özü vasitəçilik missiyasının üstündən xətt çəkmiş
oldu. Məhz Fransa və Ermənistanın təxribat dolu hərəkətləri səbəbindən dekabrın 7-də keçirilməsi
nəzərdə tutulan görüş baş tutmayacaq. Artıq Ermənistanın sülh sazişini imzalamaması üçün vaxt
uzatmaq hiyləsi hər kəsə məlum oldu. Fransa və Ermənistan eyni bir siyasəti - işğalçılıq siyasəti həyata
keçirən dövlətlərdir. Fransanın Afrika dövlətlərində həyata keçirdiyi işğalçılıq, xalqlara qarşı soyqırım
siyasəti bütün dünyaya məlumdur. Bu gün Fransanın Afrikadakı mövqeləri getdikcə zəifləyir. Makron
Cənubi Qafqazda Fransanın maraqlarını həyata keçirməyə çalışır. Bu məqsədlə Fransa Prezidenti
Ermənistandan bir alət kimi istifadə edir. Fransa vətəndaşları arasında da Makron nüfuzunu
itirməkdədir. Sadə vətəndaşları tərəfindən sillələnən, pomidor və yumurta atəşinə tutulan Makronun naşı
bir siyasətçi olması göz qabağındadır. Azərbaycan isə hər gün inkişaf edən güclü bir dövlətdir və onun
bütün dünya liderlərinin hörmət bəslədiyi İlham Əliyev kimi bir lideri var.
Tədbirdə Prezident cənab İlham Əliyevin İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar
barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı, eləcə də bu gün İranda
Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu. Bu gün İranda yaşayan 35
milyondan çox azərbaycanlıların bir dənə də olsun məktəbləri yoxdur. Burada azərbaycanlılar
Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində
məktəb açmalarına hər cür şərait yaradıblar. Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların
dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə,
o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq
şəraitində yaşamaq niyyətindədir. Prezident cənab İlham Əliyev bir daha Azərbaycan dövlətinin güclü
və qüdrətli bir ölkə, Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformsiya təminatı və təhlil sektorunun aparıcı
məsləhətçisi