isaznow.com
Az Iw En Ru

Laçın cənnətə çevriləcək

Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər,
cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd
olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Rayon mərkəzinin Bakı
şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-
dir.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə
aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə
biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Laçının Mirik kəndi ərazisində  "Qaranlıq kaha",
"Bayqara" mağaraları, Hoçaz kəndində mağara məbədi yerləşir.
Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq
qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları
var. Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən
saldığını təsdiqləyir.
Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə
müstəqil inzibati rayon yaradılıb.
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən
rayon mərkəzi olub. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat
kilometrdir. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq
yaxınlıqdakı dağın adını şəhərə verib. Laçın sözü "məğrurluq" mənasındadır.
Laçın rayonunun əhalisi əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və
bostançılıqla məşğul olub. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl,
civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı
qazıntılarla zəngindir.
Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil
yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 20 km uzunluğunda
istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava
xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3
ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.
Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça,
zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan
xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
1992-ci il 18 mayda Laçın işğalçı Ermənistan ordusu tərəfindən işğal edildi. İşğal zamanı 13745 yaşayış
evi qarət edilərək yandırılıb, ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib.
Laçın rayonu 267 nəfər şəhid verib, 66 laçınlı girov götürülüb.
İşğal dövründə Laçın rayonuna Ermənistandan və son vaxtlar isə Livandan ermənilər köçürülüb.
Azərbaycan bu köçürmələri beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
2020-ci il 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya
Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanata
əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub və Azərbaycanın
Dövlət Bayrağı qaldırılıb.
Rahid Balakişey,
Sabirabad rayon Gənclər və idman idarəsinin aparıcı məsləhçisi


17:47 30.11.2022