

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq
Meydanında keçirilmiş Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış
hadisədir. 3000 nəfər Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin də iştirak etdiyi
paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan qəbul etmişlər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş
ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların
tarixində əbədi qalacaq qürurverici hadisədir.
Zəfər paradı Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ölkəmizin Vətən
müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, həmçinin,
müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın
bir qismi nümayiş olundu.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub
olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin
nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında
sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı.
Alnımızdan xəcalət təri birdəfəlik silindi.
Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürü kimi
Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət
tərəfindən mükafatlandırılır. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri,
həmçinin 15 yeni medal təsis olunub, bu mükafatlarla Vətən müharibəsində iştirak etmiş, aparılan
döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq
göstərmiş əməkdaşları və mülki işçilər təltif edilib və bu proses davam edir.
Zəfər paradında çıxış edən Prezident İlham Əliyev tarixin sınağından şərəflə çıxmış Azərbaycan-
Türkiyə birliyinə və qardaşlığına diqqəti cəlb edərək vurğuladı ki, “Vətən müharibəsinin ilk saatlarından
biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan
Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan
xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki,
Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın
təzahürüdür.”
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, Vətən Müharibəsi iştirakçısı