

Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindəki möhtəşəm
qələbəmizdən danışarkən xüsusi vurğulayıb ki, Azərbaycan xalqı 44 günlük müharibədə ləyaqət və milli
qürur savaşına çıxmışdı: «Müharibə dövründə hamımız bir şüarla yaşadıq: öldü var, döndü yoxdur:
Azərbaycan xalqı müharibədə ordumuzun arxasında dayandı. Düşmən Azərbaycan xalqının iradəsini
qıra bilmədi. Hər gün ordumuz irəlilədikcə yeni uğurlar, yeni qələbələr qazandıq. ...Biz bütün dünyaya
göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır və ədalətsizliklə barışmaq niyyətində deyil. Düşməni diz
çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur etdik. Həmin düşmən 30 il ərzində xalqımızın şərəf
və ləyaqətini alçaltmağa çalışdı, amma biz onları ağ bayraq qaldırmağa məcbur etdik. Nəticədə yüzlərlə
kənd, rayonlarımız bir güllə atmadan azad olundu. Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. Azərbaycan
ərazisində Dağlıq Qarabağ ərazisi mövcud deyil. Dağlıq Qarabağ adlı ölünü kim diriltmək istəyirsə, öz
ərazisində diriltsin, «Dağlıq Qarabağ» adlı qurum, respublika, cəmiyyət yaratsın, biz də onu tanıyarıq,
amma Azərbaycanda yox. Bizim üçün Qarabağ ərazi vahidi var. Bunu mən deyirəm. Hər kəs bu sözlərlə
hesablaşmalıdır.»
Bu bir həqiqətdir ki, Qələbənin əldə edilməsinin, müharibənin uğurlu aparılmasının əsas səbəbi
xalq-dövlət birliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəmiyyəti səfərbər edə bilməsi, ona
özünəinam hissi aşılaması, vahid, sarsılmaz bir qüvvəyə çevirməsidir.Qələbənin müəllifi, savaşın
qəhrəmanı Ordumuzdur, Azərbaycan xalqıdır, Ali Baş Komandandır.
44 günlük Vətən müharibəsi, sadəcə ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi, 30 ilə
yaxın zaman kəsiyində doğulduqları, boya-başa çatdıqları yurd yerlərinin həsrətilə yaşayan
həmvətənlərimizin nisgilinə, ağrı-acılarına son qoymadı, həm də xalqımızın min illərin sınağından
keçirərək cilaladığı dəyərlərin - mərdliyin, cəsarətin, Vətən təəssübkeşliyinin, əzmin, iradənin,
qətiyyətin yenidən əsas qiymətləndirmə meyarına, ölçüyə çevrilməsinə zəmin yaratdı, illərdən bəri
cəmiyyətimizə təslimçilik ruhu aşılamaq üçün sırınan qondarma, fikirləri dəfn etdi.
İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olan oğullarımız, sağlamlığını Vətən naminə
qurban verən qazilərimizin, düşmənin başına od yağdıran əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı
200 ildən artıq bir zaman kəsiyində, ən müxtəlif təbliğat vasitələriylə, sıxma-boğmalarla, təzyiqlərlə,
düşünən beyinlərimizi, vuran əllərimizi məhv etməklə bizdən alınan, daha doğrusu, alınmasına cəhd
göstərilən, əslində isə qanımızda qorunan, içimizə qandallanan döyüş ruhumuzu yenidən yüksəltdi.
Ən başlıcası isə on illiklərdir Ermənistanın siyasi hakimiyyətlərinin apardıqları təbliğatın əsas
ideoloji bazası olan «yenilməz erməni ordusu» mifini Azərbaycan Ordusu 44 gün məhv etdi. Məlum
oldu ki, «ermənilərin məğlubedilməzliyi» haqqındakı uydurmalar sabun köpüyündən başqa bir şey
deyillmiş. O da aydın oldu ki, işğalçı ölkənin həmişə ordusunu dünyanın ən ləyaqətsiz hərbiçilərindən
formalaşdırıb. Bunu son bir əsrdə ermənilərin Azərbaycanda, Türkiyədə törətdikləri soyqrımı bir daha
göstərdi.İkinci Qarabağ müharibəsində «görkəmli erməni sərkərdələri» fərarilik etdi, əsgərlərini ölümə
tərk edərək qaçdılar.
Bəli, müzəffər Xalqın, Qalib dövlətin bir parçası olmaqdan isə gözəl, əsrarəngiz, təkrarolunmaz
hiss yoxdur. Bu qüruru bizə yaşadan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində iştirak edən
qəhrəman əsgər və zabitlərimiz və təbii ki, Zəfərimizin memarı olan Ali Baş Komandanımızdır! Bir də
xalqımızın biliyidir.
Nurağa Rüstəmov,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
böyük məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı