isaznow.com
Az Iw En Ru

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi

Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını
həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri
qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki,
Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə
dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi
şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan
övladı olmuşdur. Bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsi nadir
hadisədir. Yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın ümummilli
lideri Heydər Əliyev olmuşdur. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan
xalqının öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz
rəhbərimiz Heydər Əliyevi xatırlayırıq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və
dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər
Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər
fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər
göstərmişdir.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi
şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Dünya səviyyəli siyasət və dövlət xadimi
Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman
politoloqların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində
olacaqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya
azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat
amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
vəfatından 19 il keçir. Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var: Ulu öndərimiz Heydər
Əliyev həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamışdır.
Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə
haqqını reallığa çevirmişdir: Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama –
müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş
etdirmişdir. Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə
ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir.
Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və
bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider
Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur,onun müqəddəs ruhu qarşısında baş əyir və uca
Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


17:10 12.12.2022