isaznow.com
Az Iw En Ru

Azərbaycan, Türkiyə və Türkmənistan bir-birinə ortaq mənəvi dəyərlərlə sıx bağlıdır

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr Türk dövlətləri arasında olan etnik, dini-
mədəni köklər və ortaq mənəvi dəyərlər bu gün əlaqələrin bütün istiqamətlərdə rəvan inkişaf
etdirilməsinə imkan verir. Son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad
etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə
olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla
genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir.
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin,
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.
Bildiyimiz kimi, 2022-ci ildə Azərbaycan Respublikasının Türkiyə Respublikası və
Türkmənistan ilə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunur. Ölkələrimiz arasında
diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda,
üç il sonra – 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Son
dövrlərdə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. Təsadüfi deyil ki, bu ilin
martında Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya, Azərbaycan
Prezidenti İlham Əliyevin isə iyunda Aşqabada səfərləri reallaşıb.
Prezident İlham Əliyev görüş zamanı çıxışında ölkələrimiz arasında olan iqtisadi artım
göstəricilərini vurğuladı: “2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət
dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20
milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə
yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.”
Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər
sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. İki ölkə arasında strateji tərəfdaşlıq
münasibətləri mövcuddur. 2017-ci il avqustun 8- də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan
arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə
genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş
ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq
və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.
Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq


20:54 15.12.2022