isaznow.com
Az Iw En Ru

Zirvə Görüşündə imzalanan sənədlər strateji tərəfdaşlıq münasibətlərini özündə əks etdirir

Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə
Görüşünün keçirilməsi və  müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin
daha da güclənməsinə xidmət edir. Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və
əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.
Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi
münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan
arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ümumiyyətlə, Vətən müharibəsində
ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində
yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o
cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji
səviyyəyə yüksəlir. Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin
isə bu ölkəyə səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar
əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və Zirvə Görüşündə iştirakı
ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran
sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Səfər çərçivəsində dövlətimizin başçısı
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
görüşüb. Görüşlərdə üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə olunub.
Bundan əlavə, prezidentlərin təkbətək, məhdud və geniş tərkibdə görüşləri keçirilib. Zirvə Görüşündə
dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq.
Bu dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi,
avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni
nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək, Naxçıvan Muxtar
Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca
böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkcə iqtisadi-ticari
əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək.
Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək.
Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər
sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. Hər üç ölkə beynəlxalq və regional təşkilatlar,
xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Müxtəlif
sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətlər onu deməyə əsas verir ki, dost və
qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan
sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Zirvə Görüşündə imzalanan
sənədlər də bu reallığı bir daha təsdiqləyir.
Səbinə Əliyeva,
Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru


05:55 16.12.2022