

Dekabrın 14-də Türkmənistanda Azərbaycan Respublikası, Türkiyə Respublikası və
Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Zirvə Görüşündən əvvəl
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan
Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə, sonra isə Türkmənistan
Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşləri olub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud
tərkibdə görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi
məsələləri müzakirə olunub.
Üç ölkə rəhbəri arasında keçirilən geniş tərkibli görüşdə bir sıra mühüm əhəmiyyət kəsb edən
məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Görüşdə çıxış
edən Prezident İlham Əliyev üç dost və qardaş ölkələri maraqlandıran məsələlərdən danışıb. Qeyd edilib
ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər
ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat,
ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.
Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləristrateji müttəfiqlik
səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq
haqqında Bəyannamə imzalanmışdır.
Hazırda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk
Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və
əməkdaşlıq edirlər.
Bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi
45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara
yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il
Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan
ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi
icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaqdır.
Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq
və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaqdır.
Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə
malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Azərbayan
50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə
istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Həmçinin bildirilib ki,
Azərbaycan 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.
Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin
sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.
Bütün bunlar Azərbaycanın beynəlxalq yükdaşıma və logistika sahəsində regionda aparıcı dövlət
olmasını bir daha sübut edir.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi