isaznow.com
Az Iw En Ru

Böyük Qayıdış  ərazi bötövlüyünü qazanmış və sürətlə inkişaf edən müstəqil Azərbaycanın uğurudur

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə
yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm
sənəddir.
Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir. 30 illik işğal dövründə
ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal dövründə Azərbaycanın
şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə
dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza
əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin
düşüb.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti nəticəsində 44 günlük
Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və bu zəfərdən dərhal sonra həmin ərazilərdə
yenidənqurma və bərpa işlərinə başlanıldı. İlk növbədə təbii ki, ərazilərin minalardan və partlamamış
hərbi sursatlardan təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir. Bununla yanaşı
həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yaradılması, nəqliyyat-
kommunikasiya xətlərinin qurulması istiqamətində layihələr icra edilib və hazırda da bu istiqamətdə
işlər davam edir.
Proqramın ilk baxışda beş strateji hədəfi var. Bura təhlükəsizlik, müasir yaşayış məntəqələrinin
salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən
infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin
edilməsi daxildir. Həmçinin “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları öz
həllini tapmaqla, ölkədə və işğaldan azad olunmuş ərazilərdə mənzil fondunun həcminin artırılması da
nəzərdə tutulmuşdur. Proqramda nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı
ilədək həyata keçiriləcək.
Şanlı zəfərimizdən sonra Böyük Qayıdışın ilk uğurlu addımları da atıldı və Zəngilanın “ağıllı
kənd” konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verildi. Belə ki, bu il mayın 27-
də “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi.
Dövlət Proqramı göstərir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda yerinə yetirilməsi
planlaşdırılan işlər təkcə tikinti və quruculuqla məhdudlaşmayacaq. Tədbirlər Planının əhəmiyyətli bir
hissəsi dayanıqlı icmaların yaradılması, gələcəkdə sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin 
formalaşması, məşğulluğun təmin edilməsi və s. kimi kompleks məqsədlərə söykənir.
Bütün bunlar Qarabağ və Şərqi Zəngəzur bölgəsinin 2026-cı ilə kimi təkcə Azərbaycan yox,
bütün dünya miqyasında yaşayış üçün ən cəlbedici məkanlardan birinə çevriləcəyinin sübutudur.
Kənan Səmədov,
Sabirabad Regional Debat Mərkəzinin sədri


15:53 21.12.2022