

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini
kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin
formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü
milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın
iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan
aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu:
Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan
ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi
ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq
olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə
kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı
artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Belə ki, Mərkəzi və Şərqi
Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı
Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Qeyd olunmalıdır ki, Azərbaycan da öz
növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır
və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.
Belə ki, Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəri Səfər
çərçivəsində istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin səfərin
mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında diqqəti çəkən mühüm
məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü siyasətə böyük dəyərin verilməsi
oldu. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən
sonra mətbuata bəyanatında bildirib ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa
dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini
dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.Biz beynəlxalq hüququn tərəfdarıyıq
və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında
tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox
narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”, - deyə
dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan prezidenti onu da bildirdi ki, Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq
münasibətləri var: «Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni
zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə,
ilk növbədə, ticarət sahəsində bunun nəticəsi olacaq”.Dövlətimizin başçısı əmin olduğunu bildirib ki,
hələlik istənilən səviyyədə olmayan ticarət dövriyyəsi əldə edilmiş razılaşmaların icrası nəticəsində
artacaq.
Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı
münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə
verəcək. Çünki Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi kimi: «Azərbaycan və Prezident İlham
Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri