isaznow.com
Az Iw En Ru

Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində
bir sıra mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı  müsahibəsində mühüm tarixi və siyasi
məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və
əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin
vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.
Cənab Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş
verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana
çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik. Həm
Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı
keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin
başçısı bildirib: “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm, bu, təkcə Ermənistan üçün
yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud
da təkəbbürlə davranmaq mümkün deyil”.
Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz.
Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Biz müstəqil ölkəyik və heç kimin sözü və
diqtəsi ilə hərəkət etmirik. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır və heç vaxt qarışmayıb.
Vəzində isə ölkəmizin daxili işlərinə qarışmaya çoxsaylı cəhdlər olub, bizə qarşı xeyli məkrli planlar
qurulib. Hələ 1990-cı illərin əvvəllərində ABŞ tərəfindən Azərbaycana qarşı əsassız 907-ci düzəliş
qəbul edilmişdi.
Ölkəmizə qarşı olan bu ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması
dayanmışdır. Çünki daim bizi təzyiq altında saxlamaq, daim Azərbaycanı diktatura, avtokratiya,
demokratiyanı əzən bir ölkə kimi göstərmək bəzi ölkələrin əsas məqsədi olub.  Qarabağın azad
edilməsi ilə onların planları puç oldu.  İkinci Qarabağ müharibəsindən sonra status və Qarabağ
ermənilərinin hüquqları mövzularını ortaya atıldı. Bölgədə vəziyyətin qarışdırılması üçün Beynəlxalq
missiyanın oraya göndərilməsini təkidlə tələb edilirdi. Son antiterror aksiyasından sonra isə bu rıçaq da
əllərindən çıxdı.
Bu gün bölgədə vəziyyətin dəyişməsinə, orada hərc-mərcliyin alovlanmasına çalışan,
Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ölkəmizə qarşı olan ənənəvi
mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi
daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Dövlətimizin başçısı öz müsahibəsində deyib ki, bu, bizi
bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön
plandadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan
və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti
Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, – deyə Prezident
vurğulayıb.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində həmçinin söyləyib ki,
“Fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik. Biz
yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs
Qrupu yaşayacaq”. “Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin
Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, – deyə dövlətimizin başçısı əlavə
edib.
Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan Prezident bu
hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir
oxşarlığın olduğunu qeyd edib.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


16:01 12.01.2024