isaznow.com
Az Iw En Ru

Elbrus Ərud axar.az saytının baş redaktorunu məhkəməyə verir

Qafqazinfo.az saytının baş direktoru Elbrus Ərud Aynur Camalqızının sahibi olduğu axar.az saytının baş redaktoru Anar Niftəliyevi məhkəməyə verir.

Kanal24.az xəbər verir ki, jurnalist E.Ərud bunu virtualaz.org saytına verdiyi açıqlamasında bildirib.

Baş direktorun sözlərinə görə, o, noyabrın 4-də facebook sosial şəbəkəsində Anar Niftəliyevi “Qafqazinfo”ya məxsus xəbəri oğurlamaqda və ilkin mənbə kimi sayta istinad etməməkdə ittiham edən status yazıb. Həmin statusda bu halın dəfələrlə təkrarlandığı qeyd olunub və bu adamların heç bir xəbərdarlığa məhəl qoymadığı bildirilib.

E.Ərudun sözlərinə görə, bundan sonra Anar Niftəliyev facebookda onun ünvanına heç bir etikaya sığmayan küçə söyüşləri yazaraq onu təhqir edib, bu da azmış kimi onu əlbəyaxa davaya çağıraraq təhdid edib.

Bu status tez bir zamanda geniş rezonansa səbəb olub və bir çox saytlar onu xəbərə çeviriblər.

E.Ərud deyir ki, yalnız jurnalist həmkarlarının qınağından sonra Anar Niftəliyev öz statusunu silib: “Lakin onun yazdığı söyüş və təhdidlər sgreen-şot edilərək sübut kimi götürülüb, eyni zamanda xəbər saytlarında da qalır”.

E.Ərud bildirib ki, sözügedən şəxslərin təhqir və təhdidləri ilk dəfə deyil baş verir: “Bu medianın sahibi Aynur Camalqızı, onun ailə üzvləri və axar.az saytının baş redaktoru jurnalistə yaraşmayan, etikadankənar hərəkətlərə, ölüm təhdidlərinə dəfələrlə yol veriblər. Hətta bir neçə dəfə “Qafqazinfo”ya zəng vuraraq redaksiya əməkdaşlarını ağır formada təhqir ediblər. Bütün bu təhqirlər sübut kimi qeydə alınıb və vəkilə təqdim olunub”.

Baş direktor deyir jurnalisti davamlı olaraq küçə söyüşləri ilə söyəcək və onu ölümlə təhdid edəcək qədər cəsarətə sahib olan bu insanların ağsaqqallarına bir neçə dəfə şikayət edilib ki, onların qarşısı alınsın: “Lakin heç bir nəticə yoxdur. Aynur Camalqızı indi də facebooka “Mujgan Ali” adı ilə daxil olaraq öz hərəkətlərini davam etdirir. Belə olan halda bizim hüquqlarımızı qorumaq üçün məhkəməyə müraciət etməkdən başqa yolumuz qalmır. Öz əqidəsini, siyasi oriyentasiyasını, yazı üslubunu dəfələrlə dəyişən bu adamları layiq olduqları qaydada cəzalandırmaq mənim üçün çətin deyil. Onları vurmaq üçün Anarın da, Aynurun da, bu işdə mehtərlik edən başqalarının da vaxtilə yazdıqlarını xımır-xımır dərc edərəm, yüz yerdən yara tökərlər... Elə dünən onların mənim ünvanıma yazdığı söyüşləri dərc etsəm, bu, ictimai qınaq üçün kifayətdir.

Hamı bilir ki, indiyə kimi heç kimlə nə şəxsi, nə də ictimai konktekstdə qarşı-qarşıya gəlməmişəm, bunlar kimi ölkənin media sektorunun az qala yarısı ilə düşmən deyiləm. Ancaq bu dəfə məsələ qaçılmazdır. Onlar cəzalandırılana kimi bu iş davam edəcək. Mən mübarizəmi hüquq çərçivəsində aparacağam”.


00:06 06.11.2014