isaznow.com
Az Iw En Ru

Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ilə bağlı elmi-praktik konfrans

Tanınmış ədib Məhəmməd Tağı Sidqi bütün həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edib. Görkəmli pedaqoq Naxçıvanda ilk milli məktəblərdən olan “Məktəbi-tərbiyə”ni təsis etməklə bərabər ədəbi yaradıcılıqla da məşğul olub, Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərib.
Kanal24 xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi münasibətilə təşkil edilmiş “Azərbaycanın məktəb tarixində Məhəmməd Tağı Sidqinin rolu” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Əvvəlcə institutun müəllim və tələbələri Heydər Əliyev adına tam orta məktəbin kollektivi ilə birgə görkəmli pedaqoqun Naxçıvan şəhərindəki məzarını ziyarət ediblər.
Naxçıvan Müəllimlər İnstitutunun akt zalında davam etdirilən tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək ədibin həyat və yaradıcılığından danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov bildirib ki, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yeri olan ədibin yaradıcılığında mənəvi tərbiyə məsələləri mühüm yer tutub. “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”, – deyən Sidqi bir bağban həssaslığı ilə yetişdirdiyi şagirdlərini həm maddi, həm də mənəvi cəhətdən gələcəyə hazırlayırdı. Xüsusilə mövhumatçılığın baş alıb getdiyi bir dövrdə Məhəmməd Tağı Sidqi qız uşaqlarının təhsil almaları uğrunda böyük mübarizə aparır və bu barədə arzu və istəklərini qorxmadan qələmə alırdı. Onun elmə, biliyə çağırış motivli əsərləri insanların mənəvi tərbiyəsinin inkişafına da böyük təsir edirdi.
Qeyd olunub ki, böyük maarifçi-ədibin elmə, biliyə, ümumiyyətlə isə mənəvi zənginliyə səsləyən əsərləri müasir dövrdə də aktualdır.
Heydər Əliyev adına tam orta məktəbin müəllimi Gülşən Fətullayeva bildirib ki, qədim Naxçıvan torpağının yetirməsi olan Məhəmməd Tağı Sidqi maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə böyük rol oynayıb. Görkəmli ədib Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafına ciddi töhfələr verərək onun ideya-bədii təkamülündə hərtərəfli xidmətləri ilə şöhrətlənib. Onun ədəbi irsində ədəbiyyatın mövzu, ideya və sənətkarlıq baxımından yeniləşməsi, xalqı, cəmiyyəti düşündürən taleyüklü məsələlərə diqqət yetirməsi, inkişafa mane olan köhnə buxovlardan xilas olub müasir inkişaf yoluna qədəm qoymasının vacibliyi daim diqqət mərkəzində saxlanılıb.
Vurğulanıb ki, M.T.Sidqinin ədəbi irsində ana dilinin saflığı, sadələşməsi ideyası mühüm yer tutur. Maarifçi-ədib qələm sahiblərini doğma dilin saflığı və təmizliyini qorumağa, sadə tərzdə əsərlər yazmağa səsləyirdi.
Qeyd olunub ki, pedaqoji elmin inkişafına verdiyi töhfələrlə yanaşı, Məhəmməd Tağı Sidqi Azərbaycan ədəbi irsinin yeniləşməsi istiqamətində də mühüm xidmətlər göstərib.


22:54 06.11.2014