isaznow.com
Az Iw En Ru

YAP bələdiyyə seçkiləri ilə bağlı statistikanı açıqladı

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə seçkilərində iştirak üçün bu günə qədər 13 431 nəfər namizəd irəli sürülüb və bu proses davam edir. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP-ın 1607 bələdiyyənin hər birinə öz namizədlərini irəli sürdüyünü deyən S.Novruzov vurğulayıb ki, namizədlikləri irəli sürülənlərdən 12 511-i dairə seçki komissiyalarından imza vərəqələrini götürüb və hazırda imzaların toplanılması prosesi gedir.

Onun sözlərinə görə, bəzi yerlərdə imzalar artıq toplanılıb və dairə seçki komissiyalarına təhvil verilib: “3514 nəfər namizəd üçün imzalar artıq toplanıb, müvafiq sənədlərlə birgə dairə seçki komissiyalarına təqdim edilib və bu proses davam edir”.

S.Novruzov əlavə edib ki, imza toplama prosesi təqribən noyabrın 9-dək, namizədlərin qeydiyyatı isə noyabrın 12-nə qədər yekunlaşmalıdır: “Bundan sonra isə artıq təbliğat-təşviqat kampaniyasına başlanmalıdır”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin bu il dekabrın 23-də keçirilməsi planlaşdırılır.


00:30 07.11.2014