isaznow.com
Az Iw En Ru

Təbiət yeni həyata başlamaq üçün özünü qızıl payızda fəda edir

23 sentyabrdan başlayıb - 22 dekabrda bitən qızıl payız niyə bizdə qəmgin hisslər oyadır? Ancaq, əslində yayla qış arasında keçid olan payızın gəlişi qışın xəbərçisidir. Ağaclar yamyaşıl gözəlliklərini itirərək yarpaqlarını tökür. Bəlkə də bizlərdə elə bu qəmgin hissləri kölgəsində sərinləndiyimiz yaşıl yarpaqların solğun hala düşməyi oyadır?!

Mən bu qızıl payızı sevdiyim qədər heç bir fəsili sevmirəm. Baxmayaraq  ki, havalar bəzən soyuq, küləkli, bəzənsə günəşli və fəsilin təsdiqi olaraq yağmurlu olur. Həmçinin gündüzləri qısalır, gecələri dözülməz həddə uzanır, günəş daha tez bataraq istisinin tükəndiyi hala çatır. Həzin küləkli günlərin sayı artır. Təbiətin bu çılğınlığına baxmayaraq payızı əvəzolunmaz fəsil hesab edirəm. Çünki, bu fəsil insanı həyatın gərdişini düşünməyə vadar edir. Ümidsizcəsinə bir damla yağış damcısının ağırlığına dözməyib tökülən yarpaqların seyri  bizi öz əməllərimiz və yaşadığımz günlər haqqında dərindən düşündürür.   

Əslində yarpaqlar da biz insanlar kimi torpağa qarışaraq ayaq altında tapdanır. Necə ki, bizlər də gec-tez torpağa qarışıb məzarımızın itəcək həddində tapdanacağıq...

Təbiəti bizlərdən fərqli edən cəhətlərdən birisi, onun yeni həyata başlamaq üçün özünü fəda etməsidir ki, bu da bir ağacın hissələrinin ildə azı bir dəfə onu tərk etməsi ilə nəticələnir. Bu da bizlərə qızıl payızın gözəlliyini görüb hiss etməyi bəxş edir. Bəlkə də bizlərdə qəmgin hisləri yaşadan payızın yarpaqları ilə vidalaşma səhnəsidir... O səhnədir ki, bizlərdə də çaşqın hisslər yaradır. Sonu öncədən bəlli olmayan gələcəyin bizlərə gətirəcəyi sürprizlərdən ehtiyat etdiyimiz üçün bəzən keçən günləri daha əziz bilirik...


Müəllif: Xəyalə Süleymanqızı
06:17 08.11.2014