

«Nəqliyyat vasitələrinin arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadənin son müddəti noyabrın 15-nə qədərdir. Noyabrın 16-dən etibarən avtomobili pərdə ilə idarə edən sürücülər dövlət yol polisi tərəfindən məsuliyyətə cəlb ediləcək». Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, «Yol hərəkəti haqqında» qanuna edilən 1 saylı əlavənin tələbnə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələri standarta uyğun olmalıdır: «Yəni, şəffaflığı korlayan, görüntünü məhdudlaşdıran, kustar üsulla hazırlanmış pərdələrə və plyonkaya görə sürücülər məsuliyyət daşıyırlar. Bu əmələ görə sürücünü 150 manat cərimə gözləyir».
Vaqif Əsədov bildirib ki, noyabrın 16-dan etibarən pərdəli maşınların sürücüləri DYP əməkdaşları tərəfindən aşkar olunduğu halda cərimə olunacaqlar. Əgər inzibati xəta sürücünün razılığı ilə yerində aradan qaldırılırsa, sürücüyə protokol tərtib olunur və sərbəst buraxılır. Amma əgər, xətanın yerində aradan qaldırılması mümkün deyilsə, İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə əsasən, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır və DYP-nin cərimə meydançasına aparılır. Burada xəta aradan qaldırıldıqdan sonra avtomobili oradan çıxarmaq olar.