isaznow.com
Az Iw En Ru

İlham Əliyev biznes forumunda- Fotolar+Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib 

 

Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban geniş tərkibdə görüş keçiriblər.

Kanal24.az AzərTAc-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycan Prezidentini parlament binasının önündə qarşılayıb. 

Macarıstan hökumətinin üzvləri İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Baş nazir Viktor Orbana təqdim olunub. Geniş tərkibdə görüşdə çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğulayıb. 

“Bizim hər birimiz ölkənizdə əldə olunan tərəqqini böyük heyranlıqla izləyirik”, - deyən Baş nazir Viktor Orban Azərbaycanın iqtisadi tərəqqisinin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırıb. Macarıstanın Baş naziri onunla Prezident İlham Əliyev arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığımızın inkişafında rolunu vurğulayıb. 

Sonra Prezident İlham Əliyev çıxış edib. O, ölkələrimiz arasında ikitərəfli münasibətləin uğurla inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğuladı. İmzalanacaq sənədlərin əhəmiyyətindən danışan dövlətimizin başçısı onların ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını bildirib. Söhbət zamanı əlaqələrimizin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulandı, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edilib. 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar. 

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın iqtisadi tənzimləmələr üzrə dövlət katibi Bela Qlatfelder “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Budapeşt şəhərinin meri İştvan Tarloş “Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) ilə Budapeşt Şəhər Meriyası (Macarıstan) arasında dostluq və əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın qida məhsullarına nəzarət üzrə dövlət naziri Robert Şiqo “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. 

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın milli inkişaf naziri Miklos Şestak “Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Macarıstanın milli inkişaf naziri Miklos Şestak “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı”nı imzalayıblar. 

Daha sonra Macarıstanın baş naziri Viktor Orban və Azərbaycan prezidenti İlham Əliyev mətbuat üçün birgə bəyanatla çıxış ediblər.

***

Noyabrın 11-də Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban biznes forumda iştirak ediblər.

 

04:07 12.11.2014