

Bakıda qadın ərinin qınağından qurtulmaq üçün öz təxəyyülünü işə salıb. Lakin uydurduğu ssenari onun özünü “zibilə” salıb.
Kanal24 Milli.Az-a xəbər verir ki, Binəqədi rayon sakini Kəmalə Nuriyeva ailə büdcəsindən gizlin xərclədiyi pulları “silmək” üçün qəribə kriminal süjet xətti hazırlayıb. Hadisə belə başlayıb: K.Nuriyeva polisə xəbər verir ki, cinayətkarlar evdə tək olan vaxt Sulutəpə qəsəbəsindəki evinə basqın ediblər. İki maskalı kişi evə girərək onu yerə yıxıb, bıçaq və kəsici alətlə zor tətbiq edib. Hətta ölümlə hədələyərək pulların yerini soruşublar. Əlacsız qalaraq yataq otağındakı pulların yerini deyib, 2000 manat pulu və bir ədəd telefonu verməklə canını qurtarıb.
Polis əməkdaşları həmin ünvana gələrək qadını başı-gözü xəsarətli aşkarlayıblar. K.Nuriyeva ssenarisindəki kimi cinayətkarlardan "qurtulmağı" bacarsa da, peşəkar polisləri aldada bilməyib. Polis bölməsinə aparılan K.Nuriyevanın ifadəsi alınıb, hətta quldurluq maddəsi ilə cinayət işi də başlanıb. Lakin polis qadının danışığından şübhələnərək cinayətkar yox, məhz zərərçəkmiş xanımın ətrafında araşdırmaya başlayıb.
Məlum olub ki, evə heç bir cinayətkar soxulmayıb, K.Nuriyevanın danışdıqlarının hamısı uydurmadır. Sadəcə, ailəsindən gizli borcu olduğundan belə bir əmələ əl atıb. Oğlunun nişan üzüyünün, 850 manat pul və bir ədəd mobil telefonun oğrular tərəfindən aparıdığını deyərək borcunu qaytarmaq istəyib. K.Nuriyeva polisə inandırıcı görünmək üçün hətta başını bir neçə dəfə divara vuraraq özünə xəsarət yetirməkdən də çəkinməyib.
Polis Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başladığı cinayət işini dərhal dəyişərək qadının barəsində iş başlayıb. K.Nuriyevanın barəsəində Cinayət Məcəlləsinin bil-bilə yalan xəbərçilik etmə (296-cı) maddəsi ilə cinayət işi başlanıb. Hazırda işi prokurorluq araşdırır. K.Nuriyevanın həbs ediləcəyi də istisna olunmur.