

Noyabrın 21-də Azərbaycan Yazıçılar Birliyini (AYB) “Natəvan” klubunda Türkiyədə fəaliyyət göstərən “Birləşən ürəklər dərnəyi” üzvlərinin Azərbaycan yazıçıları ilə görüşü keçirilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza müasir Azərbaycan və Türk yazarları arasında ədəbi əlaqələrdən söhbət açıb. Ortaq mədəniyyətləri bölüşən, ortaq folklora, təfəkkürə və ədəbiyyata malik iki qardaş xalqın Nizami Gəncəvi, Mövlanə Cəlaləddin Rumi, Yunis İmrə, Abbas Tufarqanlı, Nazim Hikmət, Səməd Vurğun, Rəsul Rza, Əbdürrahman Karaqoç, Zəlimxan Yaqub kimi şairlərimizin hər iki coğrafiyada sevildiyini vurğulayıb.
“Birləşən ürəklər dərnəyi”nin Azərbaycanda təmsilçisi Nəzmiyyə Hicran, şairlər Balayar Sadiq, Dayandur Sevgin və başqaları ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlatmış, son dövr ədəbiyyat jurnallarında qarşılıqlı nəşrlərin dostluq, qardaşlıq tellərinin daha da inkişafına kömək etdiyini söyləyiblər.
“Birləşən ürəklər dərnəyi”nin rəhbəri Yasemin Meydan Azərbaycanda olmaqdan, qardaş xalqın yazıçıları ilə görüşdən qürur duyduğunu söyləyib. O, Azərbaycandakı ədəbi prosesi maraqla izlədiyin i, son dövrlər Bakıda nəşr olunan ədəbi nəşrləri oxuyaraq dərnək üzvləri ilə müzakirə etdiklərini vurğulayıb.
Türkiyə Yazıçılar Birliyinin nümayəndəsi İbrahim Əryigid və onun həyat və sənət yoldaşı, şairə Esen Əryigid xalqların inkişafına mədəniyyətin və ədəbiyyatın böyük töhfələr verdiyini söyləyiblər.
Tədbirdə Y.Meydanın “Ağ örpəkli qadın” və “Eşq quşu qanadında” kitablarının da təqdimatı olub. Şairlər şeirlərini oxuyub, kitablar haqqında fikir mübadiləsi aparıblar.
Sonda Y.Meydan təmsil etdiyi qurum adından müasir ortaq türk ədəbiyyatına töhfə verən bir neçə azərbaycanlı müəllifə diplom və xüsusi nişan təqdim edib.