isaznow.com
Az Iw En Ru

"Avazınız yaxşı gəlir, oxuduğunuz Quran olsa"

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Dezir - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yenə də sadiqdirlər. Bu barədə nümayəndə heyətləri rəhbərlərinin ATƏT-in saytında dərc edilən birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz hesab edirik ki, münaqişənin hərbi həlli yoxdur və tərəfləri zorakılıqdan çəkinməyə və davamlı nizamlanmanın əldə edilməsi üçün fəal işləməyə çağırırıq".

Nümayəndə heyətlərinin rəhbərləri bu il Ermənistan-Azərbaycan təmas xətti boyunca zorakılığın artmasından təəssüfləndiklərini bildiriblər.

Yenə də 20 ildən artıqdır eşitdiyimiz, gördüyümüz, lakin reallıqda heç bir işə yaramayan, sadəcə gözdən pərdə asmaq üçün verilən növbəti bəyanat. İndi yaxın dövr ərzində baş verən hadisələri, daha doğrusu, elə həmsədr ölkələrin hərəkətlərinə nəzər salsaq, bu bəyanatın heç bir əhəmiyyət kəsb etmədiyini aydın şəkildə görərik.

Elə başlayaq ABŞ-dan. Bir-iki gün öncə qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentinin spikeri" Aşot Qulyanın ABŞ-da "rəsmi" səfərdə olması və ABŞ Konqresində bir sıra görüşlər keçirməsi barədə xəbər aldıq. Ondan bir neçə gün öncə isə ABŞ-ın Donetsk separatçılarının bu ölkəyə səfər etməsinə qadağa qoymasını eşitdik. İndi ABŞ-ın özünün də tanımadığı bir separatçı rejimin nümayəndəsinin “səfər”inə icazə verdiyi, digər separatçı rejimin nümayəndələrinin səfərinə isə qadağa qoyduğu halda, biz o yuxarıdakı bəyanatın səmimiliyinə nə cür inanaq? Məgər separatçıların da kateqoriyaları var ki, birinə icazə verirsən, o birinə isə qadağa qoyursan? Qadağa qoyursansa ikisinə də qadağa qoymalısan. Separatçı elə separatçıdır, ağı, qarası olmur.

İndi gələk Rusiyaya. Rusiya da bir tərəfdən münaqişə tərəflərini sülhə və sabitliyə çağırır, amma o biri tərəfdən, ermənilərə snayper atmaq öyrədir. Elə Ermənistan mətbuatının özünün yaydığı məlumata görə, Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının Kamxud tədris-təlim kompleksində snayper dəstəsi hazırlanır. Görəsən, kimə qarşı hazırlayır? Görəsən, sülh və sabitliyi snayper dəstəsi qoruyacaq? Hələ Rusiyanın zaman-zaman Ermənistan ordusu ilə birgə keçirdiyi hərbi əməliyyatları demirik. Əgər münaqişənin sülh yolu ilə həllinə çağırış edirsənsə, nə üçün münaqişə tərəflərindən birinə müharibə aparmağı öyrədirsən? Beləcə, Rusiyanın da məlum bəyanatdakı mövqeyi heç də səmimi görünmür.

Fransaya gəlincə, Fransa elə ömür boyu Ermənistanın təəssübünü çəkən bir ölkə olub. Qondarma “erməni soyqrımı” məsələsi də özünə ən böyük dəstəyi məhz elə Fransada tapıb. İndi qondarma soyqırıma dəstək verən bir ölkəyə necə inanaq, necə inanaq ki, o bizə qarşı ədalətli mövqe nümayiş etdirəcək?

Əgər bu ölkələr ATƏT Minsk qrupunun həmsədr ölkələri olmasaydı, bəlkə də onların tutduğu bu yanlış və ədalətsiz mövqe bizi o qədər də narahat etməzdi və təəssüfləndirməzdi. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi qəbul edən bu ölkələr gərək özlərinin də bütün günü dünyaya təbliğ etdirkləri ədalət, beynəlxalq hüquq prinsiplərinə əməl etsinlər. Ancaq təəssüflər olsun ki, 20 ildən artıqdır, bu ədaləti onlardan görə bilmirik. Məhz bunun səbəbidir ki, bu münaqişə 20 ildən artıqdır regionda sülh və sabitliyi təhdid altında qoyur. Əgər bu ölkələr vaxtında ədalətli mövqe nümayiş etdirsəydilər, bu gün bu bəyanatı verməyə gərək qalmazdı, regionda sülh və sabitlik çoxdan bərqərar olardı.

Amma, görünür, bu ölkələrin siyasi maraqları onlara ədalətli mövqe nümayiş etdirməyə imkan vermir. Artıq adi bir hal alıb ki, dünyanın hegemon dövlətləri öz siyasi maraqları naminə hansısa regionda sülh və təhlükəsizliyi təhdid altında qoyur, hansısa münaqişənin həllinə imkan vermir və ondan təzyiq vasitəsi kimi istifadə edirlər.

Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrləri ölkələrinin bəyanatının bir adı var: "Avazınız yaxşı gəlir, oxuduğunuz Quran olsa"./TREND/


16:27 05.12.2014