

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin və “Əlil İdmançılara Dəstək” İctimai Birliyi “SENİ” firmasının maddi dəstəyi ilə dekabrın 6-da “ABU Arena” İdman Kompleksində Azərbaycanda yeni yaranan boccia idman növü üzrə ilk dəfə “SENİ CUP” turniri keçirilib.
Kanal24.az xəbər verir ki, ilk dəfə “SENİ CUP” turniri 21 il əvvəl Polşada təşkil olunub və bu illər ərzində populyarlıq qazanaraq onlarla ölkədə keçirilir.
Turnirin əsas məqsədi əlilliyi olan insanlara onların cəmiyyətdə bərabərhüquqlu vətəndaş olduqlarını hiss etdirməkdir. Azərbaycanda “SENİ CUP” turniri boccia idman növü ilə start alır.
Boccia idman növü Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə artıq 8 aydır ki, Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 4 təlim mərkəzi yaradılıb.
Bu idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. Boccia idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi yaxın günlərdə Beynəlxalq Bocciya Federasiyasına üzv olub və 2015-ci ildən etibarən idmançılarımız boccia idman növü üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
“SENİ CUP” turnirində BC1/BC2 və BC4 kateqoriyalarında Bakıdan, Şəkidən və Ağsudan, ümumilikdə, 22 idmançı iştirak edtmişdir. Bunlardan 3 idmançı beynəlxalq təcrübədə ilk dəfə Azərbaycanda yaradılmış Uşaq Paralimpiya Komitəsinin idmançıları olub.
Turnirdə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016 Rio de Janeyro Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin inteqrasiya üzrə komitəsinin sədri Endrü Parsons iştirak edib.