isaznow.com
Az Iw En Ru

Bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb

Azərbaycanda bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

Bu barədə dekabrın 8-də Bakıda keçirilən “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda yekun məlumat sessiyasında Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov məlumat verib.

Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşdırılması istiqamətində aparılan islahatlardan danışan Hüseyn Mövsümov qeyd edib ki, son 10 ildə ölkəmizdə seçki qanunvericiliyi daha da təkmilləşdirilərək, 3 prezident, 2 parlament, 2 bələdiyyə seçkisi və 1 referendum beynəlxalq standartlara uyğun keçirilib. Azərbaycanın seçki qanunvericiliyi demokratikliyinə, şəffaflığına görə dünyanın ən qabaqcıl ölkələrində qəbul edilmiş qanunlardan heç də geri qalmır.

Azərbaycanda 1607 bələdiyyəyə seçkilərin yüksək səviyyədə təşkil olunması üçün lazımi şəraitin yaradıldığını bildirən Hüseyn Mövsümov bildirib ki, seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb. Dairə seçki komissiyalarının müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verir. Eyni zamanda, ölkəmizin seçki qanunvericiliyi də dünyanın ən qabaqcıl dövlətlərinin müvafiq sənədlərindən geri qalmır. Bununla belə görülən işlərlə kifayətlənməməli, aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılmasına, onların maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir. Bu sahədə görülən işlər dekabrın 23-də keçiriləcək dördüncü bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunacağına təminat verir.

Şöbə müdirinin müavini deyib: “Bu gün bələdiyyələr inkişaf edib, təcrübə toplayıb və sosial məsələlərin həllində fəal rol oynamağa başlayıb. İşimizi elə qurmalıyıq ki, builki seçkilər də ötənilki seçkilər kimi qanunvericiliyə uyğun, şəffaf şəkildə keçirilsin”.


21:26 08.12.2014