isaznow.com
Az Iw En Ru

"Azərbaycan-İran əməkdaşlığının humanitar sahədə də genişləndirilməsi vacibdir"

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 9-da İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə, əsasən, İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Ə.Həsənovun bu ilin 23-27 noyabr tarixlərində Tehrana gerçəkləşən rəsmi səfərinin və bu səfər proqramı çərçivəsində qonşu ölkənin bir sıra rəsmiləri və beynəlxalq humanitar təşkilatlarının rəhbərləri ilə keçirdiyi səmərəli görüşlərin nəticəsi müzakirə olunub.

Səfərin və keçirilən bütün görüşlərin yüksək səviyyədə təşkilinə və göstərilən xoş münasibətlərə görə İran tərəfinə təşəkkürünü bildirən Baş nazirin müavini bütün bunları İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gündən-günə inkişaf edən dostluq və qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsi kimi dəyərləndirib.

İranda keçirdiyi görüşlər və aparılan danışıqlar barədə söhbət açan Baş nazirin müavini bildirib ki, bütün görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb. Bildirilib ki, qonşu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və kooperasiya, əmək və sosial rifah naziri Ə.Rəbii ilə keçirilən görüşlər xüsusilə əhəmiyyətli olub. İran-Azərbaycan münasibətlərinə toxunan Ə.Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkib, səfər proqramı çərçivəsində bu məsələlər barədə də ətraflı fikir mübadiləsinin aparıldığını bildirib.

Təmsil etdiyi ölkə barədə dediyi xoş sözlərə və səmimi qəbula görə minnətdarlığını bildirən M.Pakayin bütün bunlardan məmnunluğunu ifadə edərək vurğulayıb ki, bu səfər zamanı keçirilən görüşlərdə müzakirə edilmiş əməkdaşlıq məsələləri üzərində artıq işlərə başlanılıb. Belə ki, İran tərəfindən texniki, təhsil və sosial sahələrdə, ictimai təminat, humanitar, müştərək investisiyalar, əmək məsələləri, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı təcrübə mübadiləsinin aparılması və müzakirə olunmuş digər məsələlərə və irəli sürülmüş təkliflərə uyğun olaraq qarşılıqlı əməkdaşlıq üçün hazırlıq işləri davam etdirilir ki, bunlar da özünün müsbət nəticəsini verəcək.

Sonda belə bir əminlik ifadə olunub ki, Ə.Həsənovun İrana səfəri zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən nümayiş etdirilən siyasi iradə hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə münbit şərait yaradıb.


01:21 10.12.2014