isaznow.com
Az Iw En Ru

Heydər Əliyev hər kəsin qəlbində özünə ədədi abidə ucaldıb

Pirallahı qəsəbəsində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolu barədə danışıb. O, Ümummilli Liderin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğulayıb.

Qeyd edilib ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır.

Tədbirdə digər çıxış edənlər də Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açıblar. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha parlaq gələcəyə doğru inamla irəlilədiyi bildirilib./AzerTac/


10:29 12.12.2014