

Oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sağ ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular.
Bu sözləri UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” komandası ilə doğma meydanda qarşılaşan Azərbaycan çempionu “Qarabağ”ın (0:0) baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə idi. Eyni zamanda, böyük bir təcrübə qazandıq. Maraqlı qrupa düşmüşdük. Rəqiblərimizin böyük təcrübəsi vardı. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz heç nə yoxdur. Bu oyunda da bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik.
Hakimlər tərəfindən hesaba alınmayan qolun iki videoçəkilişinə baxdığını deyən Q.Qurbanov qeyd edib ki, təmiz qol vurulmuşdu. Top rəqib komandanın futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk tələb edirdi. Hətta “İnter”in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunub. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi.