isaznow.com
Az Iw En Ru

“Qarabağ”ın oyanmayan qara bəxti - dünya etiraza qalxdı

Çex hakim Ağdam klubunun tarixi şansını sonuncu dəqiqədə vurulan qolu qeydə almamaqla dəfn etdi; UEFA-ya şikayət olunacaq

Əslində Qarabağın adı gələn yerdə haqsızlıqla üzləşməmək mümkün deyildi. Erməni işğalında olan Ağdamın “Qarabağ” adlı futbol klubunun isə dekabrın 11-də qarşılaşdığı ədalətsizliyə bu dəfə dünya birliyi göz yummadı.

 
Türkiyə, İspaniya, Ukrayna mətbuatı, hətta UEFA-nın rəsmi saytı, ayrı-ayrı idman şərhçiləri “İnter”ə vurulan qolun təmiz olduğunu təsdiqlədilər. İtalya klubunun oyunçusunun özü də hakimə topun ayağına dəyərək tora daxil olduğunu söyləmişdi. Qərar isə dəyişmədi və  Avro Liqanın  qapıları bu mövsümdə haqsız yerə “Qarabağ”ın üzünə qapadıldı. 
 
“Qarabağ”ın halal qolunu kor-kor, gör-gör yedilər. İndi hesaba alınmayan bu qol hələ çox müzakirə olunacaq. Rusiyalı məşhur şərhçi Georgi Çerdantsevin dediyi kimi - “Qarabağ”ı öldürdülər. Və yaxud facebook-da italyan azarkeşlərin azərbaycanlıları çex hakimi Miroslav Zelinkanı öldürməyə çağırışı dünyanın bu qolu təsdiqlədiyinə sübutdur. 
“Dnepr” klubunun futbolçusu Sergey Kravçenkonun açıqlamasında “bəxtimiz onda gətirdi ”Qarabağ"ın təmiz qolu sayılmadı"  deməsi artıq bütün mənzərəni aydınlaşdırır. Sadəcə, Qarabağ adı varsa, Azərbaycana qarşı ədalətsizlik olmalı idi. Oldu da... 
Prosineçki: “Bir nəfərin özbaşınalığı...”
 
AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, bu, əsl dram idi: “Biz uzun müddət bu qərarı müzakirə edəcəyik. Başa düşə bilmirəm ki, qapının yaxınlığındakı əlavə köməkçi hakim hara baxırdı?! Axı o, qolun qaydalar çərçivəsində vurulduğunu baş hakimə deyə bilərdi”.
 
Millimizin yeni baş məşqçisi Robert Prosineçki də qərarla bağlı susmayıb: “Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi. Başa düşmürəm, nəyə görə hakim təmiz qolu qeydə almadı?! ”Qarabağ" həmin oyunda qalib gəlməliydi. Təəssüf ki, hakimin bu qərarı azarkeşlərin qəlbində silinməz iz qoydu".
 
“Həmin epizoddakı qərəzli qərarla bağlı əlimizdə fakt yoxdu. Amma UEFA-nın hakimlərindən bu cür səhv gözləmək ağlasığmazdı”. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov belə deyib. Onun fikrincə, iki halda oyun yenidən keçirilə bilər: “Biri vaxt, digəri isə "lipa" dediyimiz məsələ zamanı. Doğrudan da, həmin vaxt oynanılmayıbsa, buna görə etiraz etmək olar".
 
“Bakıda keçirilən "Qarabağ" -"İnter" oyununda nə baş verdiyini bilmirəm. Qoy bunu araşdırsınlar".  Bu sözləri isə “Dnepr”in oyunçusu Artyom Fedetski deyib. Fedetski Bakıdakı hakim səhvinin araşdırılmalı olduğunu bildirib:
 
“Qalmaqallar ancaq Ukrayna çempionatında olası deyil ki... Bizdə hakimlər matçdan sonra azarkeşlərin əlindən tribunanın altına  qaçırlar. Ola bilər ki, Bakıda da nəsə olub. Araşdırsınlar, bunun üçün UEFA, FİFA var. Biz isə öz vəzifəmizin öhdəsindən gəlmişik”.
Rəşad Sadıqov: “Bir daha belə şans olmayacaq”
 
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov danışmağa söz tapmadığını söyləyib: “Almeydanın qolundan sonra bir anlığa hamımız sevindik, növbəti mərhələyə adlayacağımıza ümid etdik. Görünür, qismət deyilmiş. Hamımıza zənglər, mesajlar gəldi ki, hakim qolu niyə saymadı. Özümüz də bilmədik niyə belə qərar qəbul etdilər. Qoldan sonra baş hakimə baxdım, o isə 10-15 saniyə yan-xətt hakimi ilə danışdı. Çünki laysmanın nə qərar verdiyini anlamırdı. Amma referi özü epizodu dəqiq görmüşdü. Sadəcə, köməkçisinin nə dediyini anlaya bilmirdi. Ondan fikrini bir neçə dəfə soruşdu. Sonra deyəsən, başı ilə ofsayd olduğunu göstərdi. Şəxsən mənim üçün bəlkə bir daha belə şans olmayacaq. Çox istəkli idik. Əlimizdən gələni də etdik. Nə bilim... Çox deyirdilər ki, heyətimiz zəifdir, meydana ikinci heyətlə çıxırıq, komandanı gücləndirmək üçün müdafiəçilərdən istifadə edirik, braziliyalı futbolçuların hesabına oynayırıq”.
 
Qurban Qurbanov: “Təmiz qol vurulmuşdu”
 
Bütün bu bəyanatlara və etirazlara baxmayaraq, əsas yük klub rəhbərliyinin üzərinə düşür. “Qarabağ” UEFA-ya şikayət etməyə hazırlaşır. Klubun vitse-prezidenti Tahir Gözəl bildirib ki, nə lazımdırsa ediləcək və sona qədər bu məsələnin üstün gediləcək: “Stadionda oturduğum yerdə qolu görmürdük. İndi hər şeyə baxmışam. ”Qarabağ" “İnter”ə qalib gəldi. Sadəcə, hakim qolu saymadı. “Qarabağ” dekabrın 15-i püşkdə olmalı idi. UEFA-ya şikayət olacaq. “Qarabağ” sahibsiz deyil. Nəticəyə təsir etməsə də, ədalət bərpa olunmalıdır. Tarixi qələbə əlimizdən alındı. Rəhbərlik olaraq futbolçulara psixoloji təsir etmək istəməzdik.  Klubumuz Avropada çıxışlarını davam etdirəcək. Yəni gələcəkdə yenə mübarizə aparacağıq. UEFA bundan sonra oyunlarımıza daha təcrübəli hakimləri göndərməlidir. Biz hər zaman böyük hədəflər uğrunda yarışırıq. UEFA-nın hədəfi doğrudu. Biz də güman edirik ki, hakimin səhvini onlar təsdiqləyəcəklər. Bu nəticəni dəyişməsə də, mənəvi cəhətdən önəmlidir klub rəhbəri kimi məqsədim rəqabətpərəst ruhu ilə həyata davam etməkdi. İstəmirəm ki, bu məsələnin üzərində çox dayanaq. Çünki futbolçuların da əhvalı korlanır".
 
“Bu oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sağ ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular. Pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə oldu. Eyni zamanda, böyük bir təcrübə qazandıq”.
 
Bu sözlər isə ilin adamı hesab ediləcək,  qazanılan uğurların memarı olan baş məşqçi Qurban Qurbanova məxsusdur. Hər zamankı kimi təmkinli və soyuq başla baş verənləri izləyən Qurbanov bunları söyləyib: “İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz”.
 
***
Onu da bildirək ki, bu qarşılaşmada çex hakimin verdiyi qərarı siyasi motivlərlə bağlayanlar da var. Hətta məsələ Çexiyanın “Peeple in Need” təşkilatı ilə bağlı yaşanmış qalmaqalla da əlaqələndirilir.
 
“Qarabağ”a qarşı haqsızlıqdan sonra stadionda baş verənlər barəsində yazmağa adamın əli gəlmir. Ancaq görməzlikdən də gəlmək olmur. İlk növbədə təşkilatçılıq bərbad idi. Media sektoruna qonaq biletləri əldə edən onlarla azarkeş matçı ayaq üstə izləməli oldu. Əvvəlcədən qonaqların və oturacaqların sayı hesablanıb biletlər paylanmalı idi.
Çünki yer sayı olmadığına görə kim-kimin yerində istəyirsə otura bilirdi. Bundan başqa, stadiona müxtəlif istiqamətlərdən giriş mümkün olsa da, polis hər yeri qapayıb, yalnız əsas girişdən içəri buraxırdı.
 
Media sektoruna hər zaman digər girişdən asanlıqla keçmək olurdu.
Bu dəfə buraxmadılar və əsas girişdə olan polis kordonu keçid üçün darısqal bir cığır saxlamışdı. Polis bütün qapıları bağlayıb, divarın küncündən azarkeşləri bir-bir buraxırdı./musavat.com/
 
 
 



18:18 13.12.2014