

Gələn ilin əvvəllərində Əfqanıstandakı ABŞ hərbi kontingentinin sayı azaldılacaq. Bu barədə məlumat Prezident Barak Obamanın adından ABŞ Konqresi rəhbərliyinə göndərilən bildirişdə yer alıb.
TASS informasiya agentliyi xəbər verir ki, Ağ evin mətbuat xidməti tərəfindən açıqlanan sənədə əsasən hazırda Əfqanıstanda 15 min nəfər ABŞ hərbçisi var və 2015-ci ilin əvvəllərində onların sayı 9800 nəfərədək azaldılacaq.
Barak Obama, həmçinin 2016-cı ilin sonuna qədər amerikalı hərbçilərin yalnız Əfqanıstanda Kabildəki səfirliyin ərazisində qalacağını bildirib.
Parvan əyalətində yerləşən Bəkram hava limanı yaxınlığındakı hərbi həbsxananı bağladıqdan sonra ABŞ Müdafiə Nazirliyinin Əfqanıstanda məhbusları saxlama mərkəzlərinin olmadığını deyən Pentaqonun rəsmi nümayəndəsi polkovnik-leytenant Maylz Keqqins, belə təcridxanaların fəaliyyəti ilə bağlı məsuliyyəti artıq rəsmi Kabilin daşıdığını qeyd edib.
Bundan başqa, Barak Obama Konqres liderlərinə, həmçinin İordaniyada təxminən 1700, Kosovada 700, Mərkəzi Afrikanın bəzi ölkələrində 300, Nigeriyada 200-ə qədər hərbçinin və Somalidə az sayda xüsusi təyinatlı dəstənin dislokasiya olunduğu barədə də məlumat verib.