isaznow.com
Az Iw En Ru

QİÇS-lə bağlı maarifləndirmə tədbiri keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə Samux rayonunda məktəblilərin və fəal gənclərin iştirakı ilə "QİÇS-lə mübarizənin tibbi və hüquqi aspektləri" mövzusunda seminar keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, regional mərkəzin rəhbəri Səbuhi Abbasov tədbirin mühüm bir mövzuya-- insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə və bu xəstəliyə artıq yoluxmuş şəxsərin hüquqlarının müdafiəsinə həsr edildiyini bildirib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatında QİÇS-lə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edərək, insan immunçatışmazlığı virusunun ağır sosial-iqtisadi problemlər törətdiyini, ölkəmizdə də bu xəstəliyin yayılma təhlükəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
 
QİÇS-ə yoluxmuş xəstələrlə rəftar, onların hüquqları barədə məlumat verən regional mərkəzin rəhbəri, bu qəbildən olan şəxslərin həmin virusu bilərəkdən başqa şəxsə yoluxdurmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyətinin nəzərdə tutulduğunu və adı çəkilən xəstəliyin qarşısının alınması üçün dövlət təminatlarını diqqətə çatdırmışdır. Xəstəliklə mübarizə məqsədi ilə "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları barədə məlumat verilib, gənclərə bu xəstəliyə yoluxmamaları üçün hər zaman diqqətli olmaları tövsiyə edilib.
 
Tədbirdə çıxış edən Respublika QİÇS Mərkəzinin həkimi Natiq Zülfüqarov İnsan İmmunçatışmazlığı ilə bağlı aktual problemləri əks etdirən maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb. O, virusa yoluxma ehtimalı yüksək olan obyektlər (narkotik vasitələr, heteroseksuallıq, homoseksuallıq, anadan uşağa keçmə, donor qanın köçürülməsi, stomotoloji alətlər və s. yollarla) və bunlardan qorunmağın yolları, İİV-ə yoluxmuş ölkə vətəndaşlarının statistikası, virusa yoluxmuş xəstələrlə rəftar barədə, həmçinin təmsil etdiyi respublika QİÇS-lə Mübarizə Mərkəzi və Gəncə şəhərində yerlşən regional HİV-laboratoriyası və bu mərkəzlərə müraciət edən şəxslərin kimliyinin tam məxfi saxlanılması barədə geniş məlumat verib.
 
Tədbirə görə minnətdarlığını bildirən rayonun Heydər Əliyev Mərkəzinin direktoru Ombudsman təsisatının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin maarifçilik fəaliyyətini yüksək qiymətləndirib, belə aktual mövzulu tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb, Ombudsman Elmira Süleymanovaya və iştirakçılara təşəkkürünü bildirib.

02:18 16.12.2014