isaznow.com
Az Iw En Ru

Akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Rumıniyada maraqla qarşılanıb

Dekabrın 18-də, Rumıniya parlamentinin binasında Azərbaycan Respublikasının son 10 ildə əldə etdiyi uğurlara həsr olunan tədbir keçirilib.

Ölkəmizin Rumıniya səfirliyinin təşəbbüsü və ARDNŞ-nin Rumıniya nümayəndəliyinin dəstəyi ilə reallaşan mərasimdə bu ölkənin hökuməti və parlamentinin üzvləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, diplomatik korpusun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbər heyəti, Türk İş Adamları Dərnəyinin üzvləri, eləcə də Buxarestə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi də keçirilib. Kitab Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və ARDNŞ-nin bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə çap edilib.

Tədbiri açan Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıb, dövlət başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən dəyişikliklər, həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlarından söz açıbr. Səfir tədbir iştirakçılarına ölkəmizin müstəqil daxili və xarici siyasəti, Azərbaycanın regionda və dünyada artan nüfuzu barədə ətraflı məlumat verib.

Çıxışına ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə başlayan Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş ötən əsrin sonlarında müstəqilliyini yenidən elan edən Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə toxunub və digər ölkələrin bundan nümunə götürməsini vurğulayıb.

Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Azərbaycanın enerji potensialından danışaraq 2015-ci ilin çətin bir il olacağını və Azərbaycanın bu istiqamətdə sabitliyin qorunması, enerji resurslarının təhlükəsiz Avropaya daşınması üçün mühüm ölkə olduğunu bildirib.

Rumıniyanın nüfuzlu nəşrlərindən olan “GeoPolitika” jurnalının direktoru, “Azərbaycanı dəyişmiş 10 il” kitabının çap olunduğu “Top Form” nəşriyyatının rəhbəri Vasile Simileanu isə çıxışında ölkəmizi beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunda lider dövlət kimi tanınan və qəbul olunan dövlət kimi dəyərləndirib.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan və Rumıniyanın Türkmənistandakı sabiq səfiri İon Porojan da çıxışlarında “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının fundamental əsər kimi çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Qeyd edilib ki, əsərdə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə əldə olunan uğurlar dərindən və hərtərəfli təhlil olunub. Akademik Ramiz Mehdiyev kitabda Azərbaycanın son 10 ildə iqtisadiyyat, mədəniyyət, təhsil, sosial sahələrdə həyata keçirilən mütərəqqi islahatlar və yeniliklər, eləcə də əldə olunan nailiyyətlər barədə oxuculara geniş məlumat verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasəti nəticəsində son 10 ildə Azərbaycan regionda və dünyada çox böyük layihələrin gerçəkləşməsinə imza atıb.

Sözügedən kitabı sadalanan uğurların vurğulanması baxımından çox dəyərli bir mənbə kimi qiymətləndirən Həmzə Kərimov kitabın çap olunmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yoluna həsr edilmiş film nümayiş olunub.

Sonda tədbir iştirakçılarına “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının nüsxələri təqdim edilib.

“Top Form” nəşriyyat evi tərəfindən rumın dilinə tərcümə edilən və nəfis şəkildə çap olunan kitabın paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın 42 regionunda fəaliyyət göstərən mərkəzi kitabxanalara, bu ölkənin xarici dövlətlərdəki səfirlikləri və Baş Konsulluqlarının nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinə, universitet kitabxanalarına, elmi və siyasi tədqiqat mərkəzlərinə göndərilməsi nəzərdə tutulur./AzerTac/


09:26 19.12.2014