isaznow.com
Az Iw En Ru

BMT: 2015-ci il humanitar əməkdaşlar üçün ağır olacaq

Humanitar təşkilatlar 2015-ci ildə böyük çətinliklərlə üzləşəcəklər. Bu sözləri BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Con Qinq bəyan edib. Onun sözlərinə görə, bütövlükdə 2014-cü ildə bu sahədə vəziyyət pisləşməkdə davam edib. Gələcək üçün proqnozlar da çox bədbindir.

Con Qinq deyib: “Bir il əvvəl təqribən 52 milyon insanın humanitar yardıma ehtiyacı olub. İlin sonunda yaranmış vəziyyətə görə, humanitar yardım artıq 76 milyon adama lazımdır”.

Bu qədər ehtiyacı olanı dəstəkləmək üçün 19 milyard dollardan çox, yəni ötən illə müqayisədə 6 milyard dollar çox vəsait lazımdır.

C.Qinq deyib: ”Yüz minlərlə, milyonlarla insan münaqişələr zamanı həlak olur, on milyonlarla adam dəhşətli, qeyri-insani şəraitdə yaşayır”. Münaqişələrdən zərər çəkən insanların yardım gözlədiyini vurğulayan C.Qinq beynəlxalq birliyi nikbinlik hissini itirməməyə və böhranları siyasi yollarla tənzimləmək yolları axtarıb tapmağa çağırıb.

C.Qinq onu da bildirib ki, 2014-cü il humanitar işçilər üçün çətin və təhlükəli olub, 85 nəfər hücumların qurbanına çevrilib./AzerTac/


00:57 25.12.2014