isaznow.com
Az Iw En Ru

Daha yaxşı həyat axtarışı: Afrika Avropaya qaçır

Avropalı turistlərin sevimli istirahət məkanlarından olan Cənubi İspaniyanın günəşli çimərliklərinin yaxınlığında – Afrika və Avropanın sərhədində böhran dərinləşməkdə davam edir.

AzərTAc Vestifinance.ru saytına istinadla xəbər verir ki, hər həftə yüzlərlə afrikalı İspaniyanın Mərakeşdəki Seuta və Melilya anklavlarını dövrəyə alan hündür hasarı aşmağa cəhd göstərir.

İspaniya Mərakeşin bu torpaqlara iddiasına baxmayaraq, artıq bir neçə yüz ildir ki, təxminən 170 min ispanın yaşadığı bu kiçik ərazilərə nəzarət edir.

Seuta Cəbəllütariq boğazının 25 kilometrliyində, Melilya isə onun şərqində yerləşir. Anklavların sərhədlərini qorumaq üçün onların hər birinin ərazisində Milli qvardiyanın 600 əsgəri yerləşdirilib.

Hökumət nümayəndələri təkcə bu il 20 mindən çox afrikalının Melilyanın sərhədindəki hündürlüyü 6 metr olan hasarı keçməyə cəhd etdiyini və təxminən 4700 mühacirin buna nail olduğunu bildirirlər.

İspaniya hökuməti bu yaxınlarda sərhədçilərə hasarı aşmağa cəhd edən mühacirlərə qarşı güc işlətməyə icazə verib. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks bunu “beynəlxalq hüquq baxımından qeyri-leqal və ədalətsiz” addım adlandırıb.

Avropa komissiyasının yeni başçısı Jan-Klod Yunker isə Avropa İttifaqı ölkələrini sərhədləri qorumaq üçün birgə vəsait xərcləməyə çağırıb. Hazırda Aİ-nin sərhəd xidmətinin ilik büdcəsi 90 milyon avroya yaxındır.


01:04 27.12.2014